28 may 2023-cü il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsinin və Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Salyan rayon Şorsulu kəndində yerləşən "Yaşar" idman klubunda "Heydər Əliyev ili" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Sərbəst Güləş idman növü üzrə azyaşlı yeniyetmələr (U 15) və uşaqlar (U 12) arasında açıq rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, birincilikdə Salyan, Sabirabad, Saatlı, Bakı Təhsil, Bakı 44gün idman klubu, Bakı Lokomotiv, Bakı Lökbatan komandalarından ümumilikdə 144 nəfər idmançılar iştirak etmişdir. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirdi ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın bugününü və sabahını yaradan dahi şəxsiyyətdir. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Sonra Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Bilal Ələkbərov bildirdi ki,

Ölkəmizdə populyar olan güləş idman növü zəngin tarixə və özünəməxsus ənənələrə malikdir.

Ölkəmizin qədim milli idman növü olan idmanın güləş növü bu gün daha da inkişaf etdirilir və bu sahədə ildən-ilə yüksək nailiyyətlər qazanılır. Bu idman növünün inkişafı zəngin tarixi və özünəməxsus kökləri ilə sıx bağlıdır.

Çıxış edən Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin sərbəst güləş idman növü üzrə məşqçi müəllimi Tural Cavadov qeyd etdi ki,

Ulu Öndər Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü.

Dövlət himni səsləndirildikdən sonra birinciliyə start verilmişdir. Maraqlı mübarizə şəraitində keçən birinciliyin yekununda qaliblər müəyyən olundu. Yekun nəticədə komanda hesabında III yeri Bakı Lokomotiv komandası, II yeri Sabirabad komandası, l yeri Salyan komandası tutdu.

Sonda qaliblər Salyan rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edildilər