Salyanda Milli Qurtuluş Gününə həsr edilmiş cüdo yarışı keçirilib
- 05 İyn 2023 19:00
- 355
Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Salyan rayon Olimpiya İdman Kompleksində 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş cüdo idman növü üzrə azyaşlılar və yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilmişdir.
Rekord.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əlişir Əliyev idmançıları salamlayaraq bildirdi ki, 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisədir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb.Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir.
Sonra cüdo idman növü üzrə məşqçi müəllim Zaur Əliyev qeyd etdi ki, 15 İyun Milli Qurtuluş Günü məhz Azərbaycan xalqının xilaskar oğlu, bütün mənalı ömrünü öz xalqına həsr edən görkəmli siyasətçi, dövlət xadimi, müasir və müstəqil Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider hakimiyyətə gəldikdən sonra idmanın inkişafı, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi məsələləri dövlət siyasətinin mühüm qollarından birinə çevrildi.
Sonra açıq rayon birinciliyinə start verildi.
Açıq rayon birinciliyinin yekun nəticəsində komanda hesabında III yeri Şirvan, ll yeri Sabirabad, l yeri Salyan komandası tutdu. Sonda I, ll və lll yeri tutmuş idmançılar Salyan rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olundular.