Ayxan Abbasovun U-21 millisinə baş məşqçi təyin olunmas çox yaxşı, çox gözəl. AFFA-nın yeni rəhbərliyi hələ ki, pis getmir, ictimaiyyətin də ürəyindən olan qərarlar verir. Çətin ki, Elxan Məmmədovun dövründə hansısa gənc azərbaycanlı məşqçiyə U-21 milisinin baş məşqçisi postu tapşırılardı. Bu gün amma bütün yaş qrupları yerlilərə həvalə olunub. Düzdür, bu təyinatların heç də hamısını uğurlu hesab etmək olmaz, amma bu, başqa söhbətin mövzusudur. Konkret Ayxan Abbasov təyinatını dəstəkləyirəm. Ayxan gənc, öz üzərində işləyən, özünü işi ilə təsdiq edən məşqçilərimizdəndir. Hansısa Obradoviçdən, Lippertdən, Velebitsdən daha çox canı yanır bu ölkənin futboluna, millisinə. Yaxşı işlər görəcəyinə də əminəm. Bu, öz yerində, bunu ayrıca yazdım ki, bundan sonra yazacaqlarıma aidyatı olmasın.


Məni düşündürən məsələnin "Şamaxı" ilə bağlı hissəsidir. Abbasov bu gün "Şamaxı" ilə də yeni müqavilə imzalayıb, ən azı daha 1 il parael olaraq bu komandanın da baş məşqçisi olacaq. Deyilənə görə, AFFA "Şamaxı"nın tərkibində millinin bazasını yaratmağı düşünür. Yəni "Şamaxı" U-21-in bazası kimi nəzərdə tutulub. Ayxan Abbasovun iki yerdə işləməsi də bu layihənin tərkib hissəsidir. İlk baxışdan çox adam dəstəkləyir, müsbət məqam adlandırır. Amma mən tərəddütdəyəm. Çünki vaxtı ilə bu layihənin "Şəfa" modeli olub və mənə görə o qədər də uğurlu olmayıb. Düzdür, bir çox gənc futbolçu o klubda oynayıb, püxtələşib: Zaur Tağızadə, Elçin Rəhmanov, Zaur Tağızadə, Zaur Həşimov, Aftandil Hacıyev, Ayxan Abbasov, Ramal Hüseynov, Rəşad Sadiqov və s. Amma məhz "Şəfa"ya görə Azərbaycan futbolu da az bəla çəkməyib. Təsadüfi deyil ki, 2002-ci ildə ölkə məhz "Şəfa"ya görə 1 il futbolsuz qaldı, az qala bizi FİFA və UEFA-dan da çıxaracaqdılar. Əslində ilk vaxtlar U-18 adı ilə Yüksək Liqaya buraxılanda çempionatda 16 komanda var idi, U-18-in məqsədi də gənclər millisinin bir arada çıxış etməsi idi. Səhv etmirəmsə, komanda çempionatda müsabiqədən kənar çıxış edirdi. Sonra tədricən hədəflər dəyişdi. Komanda əvvəl qısa müddətli "Samir", daha sonra isə "Şəfa" adlanmağa başladı. Əsl həngamə də komanda "Şəfa" adlanmağa başlandan sonra oldu. Rəhmətlik Fuad Musayev "layihə"ni daha da böyütmək, Avropaya daşımaq hədəfini götürdü. Təsadüfi deyil ki, həmin vaxtlar Zaur Tağızadə və Ramal Hüseynova ölkə xaricindən yaxşı təkliflər olsa da, yüksək məbləğli transfer tələbi səbəbindən bu transferlər baş tutmadı, hər iki futbolçu "Şəfa"da qalası oldu. Musayevin hədəfi avrokuboklara vəsiqə idi. Təbii ki, "Neftçi", "Şəmkir", "Qarabağ", "Viləş", "ANS Pivani" kimi güclü klublar olan çempionatda sağlam mübarizə ilə bu hədəfə çatmaq çətin idi. Bu səbəbdən hakimlər dövrəyə girməli idi. Xüsusilə 2000/01 və 2001/02 mövsümü ciddi qalmaqallarla yadda qaldı. 2000/01 mövsümündə Fuad Musayev çempionatdan avrokuboklara getməyin çox çətin olduğunu görüb gücü kuboka yönəltdi və hakimlərin də ciddi dəstəyi ilə "Şəfa" finala çıxdı. Burada isə rəqib "Neftçi" idi. Həmin dövr təmiz idman mübarizəsində "Şəfa"nın "Neftçi"ni məğlub etməsi real deyildi. Buna görə pərdəarxası oyunlar ön plana keçdi. Ölkə kubokunun final matçının məkanı və vaxtı son anda dəyişdirildir. Həmin oyuna qədər ölkə kubokunun finalı bir qayda olaraq, mayın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılırdı. Lakin "Neftçi" - "Şəfa" finalı son anda Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadiona təyin olundu. Təbii ki, həmin dövrü internet, sosial şəbəkə, online medianın olmadığı dövr hesab etsək, AFFA-nın bu addımı oyunun ajiotajını sıfırlra endirməkdən başqa bir şey deyildi. Yəni finalın gözdən uzaq məkanata təyinatı qurulan tamaşanın əsas hissəsi idi. Həmin oyunu canlı izlədiyim üçün meydançada gedən "tamaşanı" da şəxsən xatırlayıram. Belə demək mümkünsə, bir neçə gün öncə elə həmin stadionda "Qızıl oyun"u "Şəmkir"ə uduzaraq çempionluğu əldən verən "Neftçi" bu dəfə kuboku "Şəfa"ya peşkəş etdi. Bilərəkdən, məqsədli şəkildə. Bugünkü kimi yadımdadı, oyunu izləməyə gələn bir qrup "Neftçi" azarkeşləri futbolçuları təhqir edərək tribunanı tərk etmişdi. 3-4 nəfərlik qrup isə komandanın kapitanı Tərlan Əhmədovla az qala əlbəyaxa çıxacaqdılar, polislər olaya müdaxilə elədi.

2001/02 il mövsümündə "Şəfa"nın avrokuboklara dartılması daha biabırçı olayla bitdi. "Şəfa" stadionunda "Xəzər Universiteti" ilə matçda "Xəzər Universiteti"nin qapısıa gülməli penalti təyin olundu. Bu qərara etiraz edən "Xəzər Universiteti" meydançanı tərk etdi. Onların etirazına digər klublar da qoşulunca, çempionat boykot edildi, AFFA rəhbərliyinin istefası tələb olundu. Fuad Musayev də israrla getməyəcəyini bildirincə, işə UEFA qarışdı, Musayevi dəstəklədi. Klublar da öz mövqeyində qalınca, ölkə 1 il futbolsuz, UEFA sanksiyası ilə üz-üzə qaldı.

Bunları niyə xatırlatdım? İstəmirəm ki, "Şamaxı" ilə də bağlı oxşar olaylar yaşansın. Bu gün AFFA "Şamaxı"nı millinin bazası gözündə görürsə, təbii ki, bu komandanın Premyer Liqada mövcudluğu da federasiya üçün prioritetdi. Çünki "Şamaxı" Premyer Liqanı tərk etsə, layihə də yarımçıq qalmış olacaq. Bu mənada "Səbail", "Kəpəz" və "Sumqayıt"la mübarizədə "Şamaxı"nın qalib ayrılıb elitada qalması mütləqdi və sabah "Şamaxı"nın həm bu, həm də digər komandalarla oyunlarında təsadüfi hakim səhvləri haqlı olaraq başqa yerə yozula bilər. Deyək ki, komanda bu mövsüm elitada yerini qorudu. Növbəti mövsüm bu baxımdan daha ağır mövsüm olacaq, legioner limitinin ləğvini də nəzərə alsaq, bütün klublar gəlmə futbolçulardan gen-bol istifadə edəcək. Məlum məsələdir ki, "Şamaxı" millinin bazası hesab olunduğundan daha çox yerli gənclər oynayacaq. Həmin gənclərin isə sağlam idman mübarizəsində daha çox legionerlərdən təşkil olunan komandalara qarşı mübarizədə çətinlik çəkəcəyi şübhəsizdir. Vəziyyət belə olunca, "Şamaxı"nı elitada saxlamaq üçün futboldan kənar rlçaqlar işə düşə bilər ki, mən də bunu istəmirəm. Rövnəq Abdulayevin "Nə qədər ki, mən AFFA prezidentiyəm, "Sumqayıt" I Diviziona düşməyəcək" dediyi dönəmi çoxdan geridə qoymuşuq axı...

Anar XANLAROV