Sambo idman növü üzrə Qusar rayon açıq turniri keçirilib
- 23 İyl 2024 08:00
- 183
Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Sambo Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümünə həsr olunmuş yeniyetmələr arasında sambo idman növü üzrə Qusar rayon açıq turniri keçirilib.
Rekord.az xəbər verir ki, yarışın açılışında Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Sambo Federasiyasının nümayəndəsi, yeniyetmələrdən ibarət Milli komandanın baş məşqçisi Yaqub Abdullayev, Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, Federasiyanın hakim heyəti, idmançılar, müəllimlər və valideynlər iştirak etmişlər.
Bakı şəhərindən, Quba, Qusar rayonlarından ümumilikdə 2007-2009-cu il, 2010-2012-ci il, 2013-2015-ci il təvəllüdlü yeniyetmələr arasında 14 çəki dərəcələrində 70 nəfərdən çox idmançı mübarizə aparmışdır.
Yarışın keçirilməsində məqsəd regionda sambo idman növünün təbliğ və inkişaf etdirilməsi, sambo ilə məşğul olan idmançıların ustalıqlarının artırılması, yeniyetmələrin idmanın bu növünə olan marağının artırılmasıdır.
Yarışın sonunda müxtəlif çəki dərəcələri üzrə qalib gəlmiş idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.