“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan futbolunun maraqlı personalarından biridir. Bu yaxınlarda onun çalışdırdığı komanda doğma meydanda “Neftçi”yə 0:1 hesabıyla məğlub olmuşdu. Oyundan sonra da Samir bəy “CBC Sport”un kameraları önündə dayanıb, telekanal əməkdaşının suallarını cavablayırdı. Elə onun danışdığı yerdə stadionun projektorları söndü, ekran qaranlığa qərq oldu. İnanmıram ki, dünyanın harasındasa belə bir gülməli hadisəylə üzləşə bilərsən.


Heç şübhəsiz ki, “Sumqayıt”ın başbilənləri bu üsulla işıq puluna qənaət etmək fikrində imişlər. Elə dünyanın ən unikal klub rəhbərlərinin biri olan Riad Rəfiyev stadionun texniki işçilərinə tapşırıq verib ki, futbolçular meydanı tərk edən kimi işıqları söndürün. Klubun büdcəsi min yerə səpələnir. Yararlı-yararsız neçə-neçə legionerə, onların menecerlərinə pul xərcləyirlər. Amma bunun qarşısını almaq heç yadlarına da düşmür. Çünki hər birinin bu işdə marağı var. Hər legionerin gəlişi, hər yeni müqavilə onlar üçün yeni qazanc deməkdir. Ona görə də qənaəti işıq pulundan etməyə qərar veriblər. Deyirəm necə acınacaqlı mənzərədir. Azərbaycanın bir bölgəsində, yəni Tovuzda stadiona projektor qoşulmasını bayram edirlər. Klub rəhbərliyi öz cibindən pul xərcləyir ki, axşam saatlarında oyun keçirə bilsinlər. Digər yanda da hazıra nazir olanlar, heç bir xərc və əziyyət çəkmədən klub prezidentliyinə gətirilənlər azarkeşlər tribunaları tərk etməmiş, baş məşqçi canlı yayımda mikrofon önündə olarkən işıqları söndürürlər.


Bu hadisədən sonra mənim üçün “Sumqayıt”ın qazandığı nəticələrin elə də böyük əhəmiyyəti yoxdur. Bir klub öz baş məşqçisinin imicinə, azarkeşlərinə 3-5 manat işıqpulundan ötrü necə belə hörmətsizlik edə bilər? Hikkəsi yerə-göyə sığmayan, vaxtaşırı hakimlərə, idman mətbuatına və rəqiblərə sözün əsl mənasında meydan oxuyan Samir Abasov bu hörmətsizliyi necə qəbul etdi? Sözü ağzında qalandan sonra, qaralmış ekranla baş-başa buraxılanda bu qərar sahiblərindən, işığı söndürənlərdən hesabat sordumu? Heç inanmağım gəlmir. Ona görə də mən Samir bəyin oyunsonrası mətbuat konfranslarında verdiyi gurultulu açıqlamalara da, ona-buna meydan oxumasına da inanmıram. Hər şey kənardan o qədər süni görünür ki, lap adamın gülməyi gəlir.


Bəli, “Sumqayıt” “Araz Naxçıvan”ı məğlub edib, xal ehtiyatını da artırıb. Di gəl ki, bu qələbə sıradan bir 3 xal deməkdir. Başqa heç nə. “Araz Naxçıvan” qazandığı qələbələrlə adından söz etdirə bilər, lap elə liderlər qrupuna yaxınlaşmağı da bacarar. Lakin bu komandanın potensialı elə aşağı-yuxarı “Sumqayıt” qədərdir. Premyer-liqanın debütantı “Qarabağ”la oyunda rəqibi itələyib yıxmaqla qələbə qazandı. Bu fikirləri deməklə onların qələbəsinə kölgə salmaq fikrində deyiləm. Nəticəya aparan bütün yollar qaydalar çərçivəsindədirsə, məqbuldur. Hələ o oyundan sonra demişdim ki, yerdə yata-yata, rəqibi itələyib yıxmaqla ancaq müəyyən məqamlarda qələbə qazana bilərsən, bunu stabil nəticəyə çevirə bilməzsən. Elə dediyim kimi oldu. Bunları ona görə deyirəm ki, “Sumqayıt”ın “Araz Naxçıvan”ı məğlub etməsində elə böyük sensasiya, yaxud qəhrəmanlıq yoxdur.


Qələbə qazanmısan, əla. 3 xalı bayram et, təbriklər eşit. Daha oyundan sonrakı mətbuat konfransına çıxıb, “bizim yüksəlişimizi qəbul etmək istəməyənlər ölüb, qalsınlar” demək nəyin qisasıdır? Mövzunu bir qədər də uzatmaq, Samir Abasovun səhvlərini sadalamaq mümkündür. Amma buna gərək yoxdur. Özü deyib ki, saytları oxumur. Bu yazını da oxumayacaq. Biz sizin üçün yazırıq, əziz oxucularımız. Sağ olun ki, bizi oxuyursuz.