Samir Abasov: “Dava edib, söyüş söyürdümsə, niyə “Zirə”yə gəlirdilər?”
- 08 Okt 2019 19:00
- 1103
“Zirə”nin baş məşqçi postunu tərk edən Samir Abasov “Report”a müsahibə verib.
Rekord.az xəbər verir ki, o, istefası ilə bağlı öncə bunları söyləyib:
- Bu məsələ ilə bağlı danışılası bir şey yoxdur. Klubun rəsmi saytında hər şey elan olunub. “Zirə” öz mövqeyini bildirib. Bu, olan bir şeydir. Görüşüb, danışmışıq və sonra razılığa gəldik ki, işdən çıxım. Bu söhbət bu gün baş verib. Rəhbərliklə görüşdük və danışdıq. Heç bir təzminat söhbəti olmadan ayrıldım.
- Sizin futbolçularla kommunikasiya probleminizin olduğu, onlarla dil tapa bilmədiyiniz deyilir. Bu məqamın “Zirə”də duruş gətirə bilməməyinizə səbəb kimi göstərilməsi nə dərəcədə düzgündür?
- Son illər ərzində bunu neçənci dəfə eşidirsiniz? Sayı-hesabı itib, düzdürmü? Ancaq hər mövsüm ərəfəsində futbolçular komandada məmnuniyyətlə qalır və yeniləri gəlirlər. Kommunikasiya problemi varsa, niyə mənimlə işləməyə razı olurlar? Əlbəttə, belə şey yoxdur. Xatırlayırsınızsa, Bilal Həmdi ilə də aramda problemin olduğu deyilirdi. Onun “WhatsApp”da yazdığı sözləri sizə göndərərəm, nəyin necə olduğunu görərsiniz. Bu il ən yaxşılardan sayılan 4-5 azərbaycanlı futbolçu götürmüşdüm. Belə söhbətlər həqiqət idisə, dava edib, söyüş söyürdümsə, niyə “Zirə”yə gəlirdilər? Məgər onlar şəxsiyyət deyillər? Nə oldu, mənə çatanda 20-25 oyunçunun heç birinin şəxsiyyəti olmadı ki, çıxıb “tüpürüm belə yaşayışa” deyib, getsin? Bu deyilənlərdə məntiq varmı?
- Bunlar, sadəcə, iddialardır. Sizin fikrinizi bilmək istəyirdik...
- Hamısı boş söhbətlər idi. Komandada futbolçularla münasibət əla idi.
- Bəs nəticələrin uğursuz olmasının səbəbi nədir?
- Maya hələ nə qədər qalıb? 7 ay. İkinci yerlə aramızda cəmi 3 xallıq fərq var. Sonucu sıradakı “Sabah”ın da 5 xalı var. Kim bu komandaya deyə bilər ki, nəticələrin uğursuzdur? Hələ mövsümün başa çatmasına çox var. Komandaların arasındakı xal fərqi isə cüzidir. Rəhbərliklə görüşüb, komanda naminə belə bir qərar qəbul etdik. Onları da çox gözəl başa düşürəm: ciblərindən milyonlar xərcləyirlər və bəhrəsini görmək istəyirlər. İlin sonunda yenə yer tutmaq təhlükəsi, inamsızlıq olduğuna görə söhbət etdik və qərara gəldik ki, qarşılıqlı razılaşma əsasında yollarımızı ayıraq. Vəssalam!
- Deyəsən, digər klublarda olduğu kimi, “Zirə”də də baş məşqçiyə inamsızlıq var, vaxt vermirlər...
- Mən başqa klub adı çəkmədim. Sadəcə, misal çəkirəm ki, “Sabah” və “Sumqayıt”ın mövsümün sonunda neçənci olacağı bəlli deyil. Məşqçilərə yetərincə vaxt verilməməsinə gəlincə, buna mən nə edə bilərəm ki?! Qərarı rəhbər şəxslər verir. Əsas odur ki, bir-birimizi başa düşdük. Onlar gələcəyə baxırlar. Ümidsizlik varsa, qarşısını indidən bu şəkildə almağı uyğun saydıq. Komanda naminə çıxış yolunu bunda gördük.
- Rəhbərliyi özünüzün yığdığınız komanda ilə uğur qazana biləcəyinizə inandıra bilməzdiniz?
- İnandırmaq deyəndə ki, hər şey fərqli də ola bilərdi. Məsələn, “Qəbələ”ni udsaydıq, 10 xalımız olacaqdı. Həm də mövsümün sonunda necə olacağını da demək mümkün deyil. Rəhbərliyin də qeyri-stabil oynamağımız və digər arqumentləri doğrudur. Bunların fonunda bəraət üçün dediklərimiz təsdiqini tapmadı. Yəni onları qane etmədi.
- Sizinlə görüşdə rəhbərlikdən kim təmsil olunurdu: Fəxri prezident Orxan Məmmədov orada idi?
- Rəhbər şəxslərlə görüşdük. Fəxri prezidentlə də söhbət etmişdim.
- Məmmədovun “Zirə” ilə bağlı planları necədir: yerli, yoxsa xarici mütəxəssisə güvənmək istəyir?
- O, müsahibəsində həmişə yerli mütəxəssislərə güvənəcəyini söyləyib. Ancaq hökmən belə olacağını demək mümkünsüzdür. Ümumiyyətlə, mən bununla bağlı ondan nə soruşa bilərəm? İndiyədək neçə-neçə klubumuz əldən çıxıb, bu gün peşmançılığın çəkirik. Orxan Məmmədov da öz cibindən pul xərcləyən şəxsdir, ona dəstək verməlisiniz. Rəhbərlik sponsorlar tapır, onların da qarşısında nəsə demək lazımdır. Nəticə istəyirlər. Mən bütün bunları çox yaxşı başa düşürəm. Haqsız bir şey olmayıb. Normal, sivil şəkildə ayrılmışıq. “Zirə” yer tutmaq, Avropa Liqasına düşmək istəyir.
- Aranızda təzminat söhbəti oldu?
- Xeyr. Azərbaycanda belə bir şey yoxdur axı... Təzminata iddia da etmirəm, heç tələbim də yoxdur. Bu məsələni dilimə belə gətirmərəm.
- Əvvəlki klubunuza- “Sumqayıt”a qayıtmaq fikriniz yoxdu?
- Belə bir söhbət yoxdur. Ümumiyyətlə, “Sumqayıt”a qayıtmaq istəmirəm, fikrim də yoxdur. Bu gün onu düşünmürəm. Sərt şəkildə cavab vermək də istəmirəm ki, belə bir şey olmayacaq. Sabahı da, “Sumqayıt”ın mövqeyini də bilmək olmaz. Sadəcə, bu gün üçün bu komanda haqqında ümumiyyətlə düşünmürəm. Buna heç bir şübhə olmasın. İstər dil, istərsə də məşq baxımından. Şübhə ona olunmalıdır ki, ölkə xaricindən təklif olacaqmı? Ölkə xaricində niyə azərbaycanlı məşqçini götürsünlər? Hansı şərtlə və nəyə görə? Belə söz-söhbətlərin hamısı boşdur.