Samir Abasov: "Elxan Məmmədov bilir ki, mən nəyi görürəmsə, nəyi düz bilirəmsə, onu da edirəm" MÜSAHİBƏ
- 26 Yan 2020 17:00
- 1203
Samir Abasov gənc nəsil məşqçilərdən hesab olunur. “Sumqayıt” və “Zirə”ni çalışdırdığı dönəmdə yaddaqalan nəticələrə imza atmasa da, daim gündəmdədi. Hansı klubda baş məşqçi dəyişikliyi yaşanırsa, boş qalan posta ilk namizəd kimi onun adı hallanır. Bugünlərdə onunla “Kapital Bank Arena”da oğlunun məşqini izləyərkən qarşılaşdıq. Fürsətdən istifadə edib Abasovun işsiz günlərdə başını nə ilə qatdığı, gələcəklə bağlı hansı planlarının olduğu barədə söhbətləşdik.
- Ötən ay təcrübə keçmək üçün “Sevilya”nın, “Ayaks”ın düşərgəsinə yollanacağınız barədə xəbərlər yayıldı. Səfərləri nə vaxta planlaşdırmısız?
- “Ayaks” söhbətinin hardan çıxdığını bilmirəm. Amsterdam klubunun düşərgəsinə yollanmayacam. Ancaq “Sevilya”ya getmək fikrim var. Qarşı tərəfdən cavab gözləyirəm. Onlar “hə” deyən kimi İspanıyaya yola düşəcəm.
- Bu məsələ ilə bağlı AFFA-dan sizə yardımçı olmağı xahiş etmisiz?
- Bildiyiniz kimi, bu il Avroliqada “Qarabağ” “Sevilya” ilə eyni qrupda yer almışdı. Dekabrda Andalusiya klubunun rəsmiləri ilə əlaqə saxlayıb, niyyətimi onlara bildirdim. Müraciətimi müsbət cavabladılar. AFFA-dan isə viza məsələsində kömək etmələrini istəmişəm. “Sumqayıt”da çalışarkən assosiasiya mənə uzunmüddətli viza açdırmışdı. Xahiş etdim ki, bu dəfə də yardım etsinlər. Sağ olsunlar, həll etdilər. Mənim “Sevilya”ya yollanmağımın AFFA-ya heç bir aidiyyatı yoxdu. Fikrim var ki, İspaniya klubu ilə yanaşı, başqa klubun da düşərgəsinə baş çəkim.
- Sirr deyilsə, o hansı klubdu?
- Moskva “Spartak”ının fiziki hazırlıq üzrə məşqçisi ilə dostam. Onlarla da tez-tez əlaqə saxlayıram. Böyük ehtimalla Moskvaya da gedəcəm. Rusiya klublarında təlim-məşq toplanışı bir qədər uzun çəkir. Onların geri qayıtmasını gözləyəcəm.
- Bu gün premyer-liqada hansı klub baş məşqçisi ilə yolları ayırırsa, dərhal Samir Abasovun adı onunla yanaşı hallanır. Ancaq işsiz günləriniz davam edir...
- Vallah, mən də bütün bunları mətbuatdan oxuyuram. Gecə işsiz yatıb, səhər hansısa klubun baş məşqçisi kimi oyanıram. Ən azı mətbuat məni ictimaiyyətə belə təqdim edir. Hərdən özüm-özümdən də şübhələnirəm ki, bəlkə axşam mənə təklif gəlib və mən də yuxulu olub qəbul etmişəm, ancaq səhər unutmuşam (gülür). Əlbəttə, bu bir zarafatdı. Boşda qalan yerli məşqçilərdən biriyəm. Bəlkə də bu səbəbdən adım tez-tez müxtəlif klublarla yanaşı hallanır. Onu da qeyd edim ki, mətbuatda tək mənim adım çəkilmir. İşsiz olan başqa mütəxəssislərin adları da hallanır ki, bunu da normal qarşılamaq lazımdı. Bütün dünyada belə tendensiya var.
- Roberto Bordin “Neftçi”dən ayrılan kimi mediada adınız “ağ-qaralar”la yanaşı çəkilməyə başladı.
- Bildiyim qədər klub rəhbərliyi mövsümün sonuna kimi Füzuli Məmmədovla davam edəcəyini açıqlayıb.
- Bəs mövsümün sonunda sizə təklif gəlsə? Hər halda, Kamran Quliyev və Ceyhun Sultanovla bir müddət bir yerdə işləmisiz. Ancaq bir nüans da var ki, adını çəkdiyim şəxslər “Sumqayıt”ı “Neftçi”yə dəyişəndə siz onları mətbuatda açıq şəkildə tənqid etməklə yadda qaldız.
- Hər zamanın öz hökmü var. Həmin dönəmdə o cür düşünmüşəm və fikirləşdiklərimi də dilə gətirmişəm. Buna görə peşman da deyiləm. Ancaq biz peşəkarıq. Açıq deyirəm, təklif gəlsə, fikirləşərəm.
- Müsahiblərinizin birində “ölkənin əsas komandasını çalışdırmağa hazıram” demisiz. Bu fikri ciddi söyləmisiz?
- Jurnalist məndən soruşdu ki, əsas millini çalışdırmağa hazırsız? Cavabında “işləməmək, çəkinmək nədi, bu şeyi anlamıram” dedim. Yenə deyirəm, millidə və ya başqa yerdə işləməyə hazıram. Başa düşürəm, çox məsuliyyətli işdi. Ancaq mən bu yola qədəm qoyanda bilirdim ki, nəyə gedirəm, hansı çətinliklərlə qarşılaşacam. Heç nədən çəkinmirəm. Özümə və futbol savadıma güvənib bu sözləri deyirəm. Yurçeviçin dönəmində yığmanın oyununu, ümumiyyətlə, bəyənmirdim. Başa düşə bilmirdim ki, bunlar nə oynayır. Və buna görə də xorvat məşqçinin bizə kömək edə bilməyəcəyini dəfələrlə vurğulamışam.
- Sizcə, bu gün Azərbaycan yığması hansı oyun modelinə üstünlük verməlidi, hansı sistemlə çıxış etməlidi?
- Hər bir baş məşqçi sərəncamında olan futbolçulara uyğun oyun üslubu seçir. Məşqçi bilir ki, oyunçuları nəyə qadirdi. “Filan komanda belə oynayır, biz də gərək eyni yolu tutaq” fikri kökündən yanlışdı və nəticə də qazandırmayacaq. Məhz belə nüansları nəzərə alanda yığmanın “sükanı arxasında” yerli məşqçinin olmasının tərəfdarıyam. Çünki yerli mütəxəssislər fubolçularımızı daha yaxından tanıyır, onların potensialına bələddi. Bizə uyğun oyun üslubu var ki, bunu futbolla maraqlanan hər kəs bilir. Öz cərimə meydançamızda rəqibdən topu alıb irəli ötürmə edirik və bir futbolçu da topun dalınca qaçır. Azarkeşlərin necə qışqırdığını hamımız görürük. Elə bilirlər ki, artıq qol vurulacaq. Yəni o vəziyyətə düşmüşük ki, hansısa futbolçumuz mərkəzi bir neçə addım keçib, meydanın rəqibə aid hissəsində olanda sevinirik ki, biz də hücum qururuq. Bu ölkə futbolu, yığma adına faciədi.
- Gəzən söz-söhbətlərə inansaq, “Sumqayıt”ı yarıyolda qoyub getdiyiniz üçün Elxan Məmmədovla aranızda narazılıq yaşanıb və münasibətlər pozulub. Onu da deyirlər ki, Məmmədov nə qədər hakimiyyətdədisə, Samir Abasov üçün yığmanın qapıları bağlanıb. Bəs siz necə düşünürsüz?
- Açığı, aşağı yaş qrupu üzrə hansısa yığmanın baş məşqçisi olmağa özüm razı deyiləm. Bu gün gənclərlə işləyə bilmərəm. Bunu səmimi etiraf edirəm. U-17, U-19-da çalışmaq doğrudan da mənim üçün çətin olar. Elxan Məmmədovla münasibətlərimizə gəlincə, əksinə deyərdim ki, hər şey əladı. O adam da bilir ki, mən nəyi görürəmsə, nəyi düz bilirəmsə, onu da edirəm. Bildiyim qədər onun da belə açıq fikirli insanlara rəğbəti var. Son vaxtlar Elxan müəllimlə dəfələrlə danışmışıq. Münasibətimizi korlayacaq bir şey görmürəm.
- Sonuncu çalışdırdığınız “Zirə”nin çıxışını, yəqin ki, izləyirsiz. Qış fasiləsində heyətə yeni oyunçular cəlb olundu. Sizcə, Zaur Həşımov komandanı avrokuboklara apara biləcək?
- “Zirə” barədə çox danışmaq olar. Məni o kluba dəvət edəndə orda tam başqa ab-hava idi. İkinci ildə, daha dəqiq desəm, 7 oyundan sonra yollarımızı ayırdıq. Niyə, hansı səbəbdən – buna rəhbərlik cavab versə, yaxşı olar. O ki qaldı klubun avrokuboklara vəsiqə qazanıb-qazanmayacağına, “Zirə” həmişə qarşısına bir məqsəd qoyub və daim da ona çatmaq üçün oynayır. Komandanın hədəfi ölkəmizi avrokuboklarda təmsil etməkdi. Və bunu qısa vaxtda reallaşdırmaq istəyir. Həmişə özümü xarakterizə edəndə demişəm ki, mən uzunmüddətli, dayanıqlı, təməli olan iş prosesinin tərəfdarıyam. Sabitlik vacib şərtdi. Bu gün baş məşqçi postuna gəlim və üç aya nəticə verim... Bu mənlik deyil, belə tələblərə cavab olaraq bəribaşdan konkret “bəli” deyə bilmərəm. Bu ola da bilər, olmaya da. Olacaqsa, bu mənim ürəyimcə olmayacaq. Belədə nələrisə qurban vermiş olacam.
- Sizin “Zirə”yə dəvət etdiyiniz futbolçuların bir neçəsi Həşimov tərəfindən komandadan uzaqlaşdırıldı. Belə çıxır ki, Samir Abasovun seleksiyası zəif olub.
- Hər məşqçinin öz fikri var. Yəqin indiki məşqçilər korpusu üçün həmin futbolçular yararsız görünüb. Bunu da normal qarşılamaq lazımdı. Mən də “Zirə”nin baş məşqçisi təyin olunanda qış fasiləsində dörd oyunçu ilə vidalaşdım. Transfer məsələsi elədi ki, Azərbaycan olduğu üçün hər bəyəndiyimiz oyunçunu bura gətirə bilmirik. Buna görə də bu məsələdə məşqçinin işi çətindi. 5 transferdən ikisi özünü doğruldanda artıq bu uğurlu keçid hesab olunur. Avropanın aparıcı ölkələrində transferlərdə səhvə yol verəndə onu qlobal problem kimi qarşılayırlarsa, Azərbaycanda bu məsələyə adi baxılır. Özünüz də dəfələrlə başqa klublarımızda belə bunun şahidi olmusuz. Transferə “Zirə”dən dəfələrlə çox pul xərcləyənlər olub ki, yenilərin heç biri sonradan ümidləri doğrultmayıb. ("Futbol рlus" qəzeti)