Samir Abasov Ninqadan niyə acıqlı qalıb?
- 25 İyl 2024 14:00
- 720
Dünən "Fehervar"la matç öncəsi təşkil olunan mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Samir Abasova komandanı tərk edənlərlə bağlı sual ünvanlandı.
Rekord.az-ın əməkdaşı baş məşqçiyə "ötən mövsümün aparıcı üzvləri komandanı tərk etdi, yeni gələnlər onların yerini doldura biləcəkmi?" ünvanladı və sual sanki Abasovun xoşuna gəlmədi.
Xüsusilə sualda Ninqanın adının çəkilməsi baş məşqçinin əhvalını pozdu. Cavab isə belə oldu: "Gedənlər aparıcı futbolçular deyildi, bizə lazım olmayanlar idi, yola saldıq".
Təbii ki, bu cavab səmimi ola bilməz. Çünki istər Ninqa, istərsə də Murata ötən mövsüm "Sumqayıt"ın əsas heyət üzvləri, Ninqa komandanın bombardiri olub. Bombardir haqda necə demək olar ki, "aparıcı futbolçu deyildi"? Əsl mətləb başqadı. Əldə etdiyimiz məlumata görə, Abasov Ninqanı yeni mövsümdə də sərəncamında görmək istəyib. Ona yeni müqavilə də təklif olunub. Lakin çadlı futbolçu Çindən daha sərfəli təklif aldığını əsas gətirərək, "Sumqayıt"ı uzun müddət intizarda qoyub. Klub da səbr edərək, bir aya yaxın ondan cavab gözləyib. Lakin futbolçu saymazyana münasibətini davam etdirib. Çin variantı alınmayandan sonra "Sumqayıt"la əlaqə saxlayıb yeni müqavilə imzalamağa hazır olduğunu deyib. Hətta ötən il aldığı maaşdan daha aşağı məbləğə. Lakin bu dəfə Samir Abasov qəti şəkildə futbolçunun xidmətindən imtina edib.