Premyer Liqanın 16-cı turu çərçivəsində keçirilən "Sumqayıt" - "Neftçi" matçında rəqibin baş məşqçisi Samir Abasovu təhqir edən "UltraSumqayıt" fan-qrupu sonra bu hərəkətinə görə üzr istəmişdi. Azarkeşlər həm də klub tərəfindən bəzi məlumatlar verilərək sabiq məşqçilərinə qarşı qaldırıldıqlarını bildirmişdilər. 


İndi də "UltraSumqayıt" fərqli bəyanat yayıb. Onlar "Sumqayıt" klubu tərəfindən istiqamətləndirilmədiklərini bildiriblər. Eyni addımı "Kimyaçılar" fan-klubu atıb. Hər iki qrupun rəsmi sosial şəbəkə hesablarında yaydıqları açıqlamanı sizə təqdim edirik:


"Kimyaçılar" fan-klubu: "Klub tərəfindən Samir Abasova qarşı azarkeşlərimizə heç bir təklif və fikir bildirilməyib. Samir Abasov haqqında deyilən fikirlər özümüzə məxsusdur".


"UltraSumqayıt" qrupu: "Klub tərəfindən Samir Abasova qarşı hər hansı təklif və ya fikir bildirilməyi barədə bizə heç bir söz deyilməyib. Anlamayanlar üçün bir daha vurğulayırıq ki, UltraSumqayıt Azad Azarkeş Qrupudur və nə kiminsə göstərişi, nə də tapşırığı əsasında fəaliyyət göstərir".