Mövsümə yaxşı başlayan, lakin son 3 oyunda heç cür özünə bənzəməyən “Zirə”də srağagün baş məşqçi istefası yaşandı. “Sabah”la “Qəbələ”nin ardınca “qartallar” da komandadakı əsas söz sahibi ilə yollarını ayırmağı qərara aldı.

 

Rekord.az xəbərverir ki. mövcud durumun klub rəhbərliyini razı salmayacağı gün kimi aydın idi.

 

Son 3 oyunda qələbəyə həsrət qalan komanda 7 turdan sonra topladığı 8 xalla 5-ci pillədə qərarlaşıb ki, indiki vəziyyət hər cür şərait yaradan klub rəhbərliyini qane edə bilməz.


Belədə ortaya sual çıxır: günahkar Samir Abasovdu? Böyük əksəriyyətin bu suala cavabı “hə”di. Çünki yayda komandanı formalaşdıran, seçim edən, transferlərə “ok” deyən və kollektivi çempionata hazırlayan məhz Abasov olub. Odu ki, cavab verməyə borcludu. Lakin bəzilərinin fikrincə, Samir bəy kifayət qədər savadlı məşqçidi, di gəl ki, sərəncamındakı futbolçular oynamır. Bilərəkdən, yoxsa bilməyərəkdən – fərq etməz. Verilən tapşırıqları yerinə yetirmirlər. Təbii, bunlar kənardan görünənlərdi və hər kəs düşüncəsində azaddı.
Biz də öz növbəmizdə “Zirə”nin futbolçuları ilə danışmaq qərarına gəldik. Onlardan baş məşqçinin istefasına münasibət öyrənib, “günahkar kimdi” sualına cavab tapmağa çalışdıq.
Bəxtiyar Həsənalızadə: “Nə gizlədim, Samir müəllimin gedişi mənim üçün bir az gözlənilməz oldu. Amma bu futboldu, sabah nə baş verəcəyini heç kim bilmir. Bir gün baş məşqçi ilə yollar ayrılır, sabah futbolçu və ya futbolçular yola salınır. O ki qaldı günahkar məsələsinə, baş məşqçimiz meydanı qələbə ilə tərk etmək üçün nə lazımdısa, edirdi. Biz futbolçular da onun verdiyi tapşırıqları yerinə yetirməyə çalışırdıq. Sadəcə, istədiyimiz nəticəni əldə edə bilmirdik. Bəzən bəxtsizlik, bəzən də fərdi səhvlər ucbatından xallar itirirdik. Təbii ki, uğursuzluğun səbəbkarı bir nəfər ola bilməz. Uğur, ya da uğursuzluq bütün komandanın öhdəsinə düşür. Baş məşqçidən tutmuş, sonuncu futbolçuya kimi”.
Adrian Skarlatake: “Əlbəttə, Samir Abasovun istefası gözlənilməz oldu. Təkcə mənim üçün yox, klubda, komandada hamı üçün. Çünki çempionat yeni başlayıb, cəmi 7 tur keçib. Amma bu bizim qarışacağımız, fikir bildirə biləcəyimiz məsələ deyil. Rəhbərliklə baş məşqçi öz aralarında qərar qəbul ediblərsə, hörmətlə yanaşmalıyıq. Uğursuz oyunlara gəlincə, bunun günahkarı biz futbolçularıq. Baş məşqçinin işi komandanı oyuna hazırlamaq, lazım olan tapşırıqları verməkdi. O da bunu edirdi. Komanda məğlub olursa, deməli, tapşırıqları yerinə yetirə bilmirik, hansısa məqamlarda səhvlərə yol vermişik. Bu məqamda bəxtsizliyi də vurğulamalıyam. İçi mən qarışıq əsas heyətində 3-4 üzvü zədələndi. Bu da istər-istəməz baş məşqçinin işini çətinləşdirir. Çünki boşluqları doldurmaq üçün seçimi yox idi. Samir Abasovu yaxşı başa düşürəm. Fikrimcə, işsiz günləri çox sürməz. Biz isə pis günləri geridə qoymaq üçün bundan sonra daha artıq çalışmalı, daha az səhvə yol verməliyik”.
Elvin Məmmədov: “Samir müəllimin gedişi hamı kimi mənim üçün də sürpriz oldu. Çünki vəziyyətimiz acınacaqlı deyildi. Bu gün komandanı “Neftçi”ylə “Səbail”dən cəmi 3 xal ayırır. Bu isə cəmi 1 qələbə deməkdi. Üstəlik, qarşıda 21 oyun və qış fasiləsi var. Açığı, qışa qədər şans veriləcəyini düşünürdüm. Amma bu bizim qarışacağımız məsələ deyil. Günahkara gəlincə, burda konkret kimisə günahlandırmaq doğru olmaz. Uğursuzluq olan yerdə heç kim yaxasını kənara çəkə bilməz. Hamımız günahkarıq, təkcə Samir müəllim yox. Baş məşqçinin tapşırıqlarını vaxtında və düzgün yerinə yetirsəydik, bu gün bu məsələ haqda danışmazdıq. Nə etməli, futboldu, belə hallar qaçılmazdı”. ("Futbol plus" qəzeti)