Sankt-Peterburqda böyüyən, Rusiyanı qarış-qarış gəzib dolaşan... YAZI
- 11 Mar 2020 11:00
- 933
Harada olursansa ol, Vətənə, torpağa, xalqa bağlılıq qandan, ruhdan gəlir. Beyin hüceyrələrində olan sadəlik, ailə tərbiyəsi fantastik hisslər yaradır... Bu hisslər yoxdursa, nə Vətən, torpaq, millət sevgisi olmaz.
Ramil Şeydayev Kürdəmirə gedərək doğmaları ilə yanaşı, uşaqlarla da görüşüb, hətta yolüstü futbol da oynayıb. Rayonda, kənddə olduğu vaxtını, böyüklü-kiçikli görüşdüyü insanları Moskvanın, Bakının dəbdəbəli restoranlarına, gecə klublarına da dəyişə, sərf edə bilərdi.
Gəncdir, cavandır, çoxları belə edir...
Ramil isə çoxlarından deyil, elə istedadı, oynadığı futbolu kimi... Deməli, tək bu keyfiyyətlər deyilmiş, ən qiymətlisi, yüksəkdə olanı, dəyərlisi də varmış. İnsanlıq zirvəsinin dərinliyindən keçən sadəlik-kamillik deməkdir!
Fikirləşə bilinər ki, nə var ki, burda? İnsan kəndə gedib, doğmaları ilə görüşüb. Dərin düşündükdə, Ramil Şeydayev bölgədə balaca uşaqlarda bir ümid çırağı yandırıb, sabaha inam yaradıb, təbii mesaj verib: "Siz də böyük futbol oynaya, yaşayış, futbol bataqlığından çıxa bilərsiz"...
Ramil Şeydayevlə şəxsi tanışlığımız yoxdur. Belə futbolçularla çalışmaq, uğur qazanmaq hər zaman zövq verir. Vətənpərvər, məğlub psixologiyanı yaxına buraxmayan, qalib, pozitiv ruhları ilə yanaşı sadəliyi, insanlığı üst səviyyədə olan futbolçular heç də çox deyil...
Hər zaman digər millətlərdən olan futbolçular nümunə gətirilir, azərbaycanlı futbolçular çox vaxt qınanılır, hətta bəzi hallarda lağa qoyulur.
Günahın faiz dərəcəsinin çoxluğu elə futbolçuların özlərində olur. Ramil Şeydayev kimi istisnalar təəssüf ki, çox azdır...
O. bu baxımdan yaşına uyğun olmayan bir nümunədir. Vətənpərvəlik, torpağa, millətə bağlılıq, sadəlik nümunəsi! Bu yaşında, "Kürdəmirdə komanda olsa, kömək edərəm" deyir... Bu günə kimi neçə imkanlı, üzdə olan futbolçumuz belə çıxış edib?!
Kürdəmirdə futbol olub. Hətta "Şirvan"ın heyətində "legionerlər" də çıxış edib. Vaxtilə bölgədə böyük hərbi hissə yerləşirdi. SSRİ dönəmində digər respublikalardan xidmət çəkənlər arasında ara-sıra futbolçular da olurdu. Ən yaxşıları komandaya cəlb edilirdi...
Bu gün futbol cavabdehlərinin illərdi etmədiyini Ramil Şeydayev öz səmimiyyəti ilə etdi. Bu, bir əyani çağırışıdır... San-Peterburqda böyüyən, Rusiyanı qarış-qarış gəzib dolaşan, futbolunu oynayan gəncin Vətən, torpaq, xalqla bir olmaq sevgisi. Şərait yaradılsa, Kürdəmirdən, bölgələrdən neçə-neçə şeydayevlər çıxa bilər...
Ramil öz gəncliyi ilə atdığı addımın dərinliyini hələ tam dərk etmir. Heç öz sadəliyi ilə bunları düşünmür də. Saf torpağa - saf ruhu çəkib aparır... Dəyər vermək, nümunə göstərmək, təbliğ etmək futbol ictimaiyyətində olanların ən azından mənəvi borcudur...
Yaşından asılı olmayaraq yaxşılar nümunə göstəriləndə, maarifləndirmə, düzgün yol da təbliğ edilir, mənəvi dəyərlər möhkəmlənir, uşaq, yeniyetmə, gənclər bu yöndə ictimai tərbiyə alır. İndiki dövrdə, bu, çox aktual, bəlkə də bir nömrəli məsələdir...
Ramil Şeydayev üçün həyatda asan olmayacaq. Elə futbolda daxili ruhunun, Vətən sevgisinin səsinə qulaq asdığı üçün enişli-yoxuşlu karyera yaşayır. Vətənpərvərliyi, dürüstlüyü, səmimiyyəti, sadəliyi olan insanlar ölkədə çox da sevilmir. Tarixən belə olub. Elə futbolda olduğu kimi...
İnanaq ki, Ramil Şeydayevin "Sabah"da keçdiyi müvəqqəti yol, işıqlı sabahların yeni başlanğıcıdır... Bu da növbəti bir imtahandır. Ramil yaşına uyğun olmayan belə sınaqlardan çox keçib artıq...
Onun ruhu çox yüksəklərdədir... Həqiqi yüksəklikdə olanların qələbə ruhu heç vaxt tükənmir. Zaman onları öz düşüncələri ilə sınaqlardan keçirib zirvələrə daşıyır. Onların öz qoruyucusu var. Tanrı əsgərləri heç vaxt məğlub olmurlar!