Savadsızlıq, yoxsa adam dolamaq?
- 21 Yan 2020 14:00
- 1241
Ötən gün AFFA-nın rəsmi saytı yanvarın 28-də İcraiyyə Komitəsinə namizədlərin siyahısını açıqladı. Məlumat üçün deyim ki, yeni ildən komitə üzvlərinin sayı 11-dən 13-ə qaldırılacaq. Yəni açıqlanan namizədlər 13 yer uğurunda mübarizə aparmalıdır. Namizədlərin siyahısı və hardan irəli sürülmələri haqda yazmağa ehtiyac görmürəm. Çünki bu haqda mətbuatda yetərincə məlumat yer alıb və namizədlərin kimliyi haqda futbol ictimaiyyətində yetərli bilgi var. Mənim toxunmaq istədiyim başqa məsələdir.
Yuxarıda da qeyd etdiyim kimi, açıqlanan namizədlər 13 yer uğurunda mübarizə aparacaq. Amma məsələnin gülməli tərəfi nədir? Namizədlərin sayı da elə tutulacaq yerin sayı qədərdi. Yəni 13 nəfər. Bəli, bəli düzgün başa düşdünüz, AFFA-nın məntiqi və açıqladığı siyahıya görə, 13 nəfər 13 yer uğurunda mübarizə aparacaq. İndi bilmirsən bu siyahını açıqlayan, buna qərar verənlər haqda nə düşünəsən. Buna savadsızlıq deyək, yoxsa adam dolamaq. Savadsızlıq deyək, bu boyda savadsızlıq olmaz. Adam dolamaq deyək, adamı da bu boyda dolamazlar. Elementar məntiq və ibtidai savad deyilən bir şey var. Bir sözdə, əməldə ki, “seçki”, “seçilmək”, “seçmək” var, demək orda rəqiblər, konkurentlər olmalıdır. Yəni bir yerə seçki keçirilirsə, bir posta seçim seçki yolu ilə aparılırsa, demək ki, həmin yerə ən az ən azı 2 nəfər namizəd olmalıdır. Mən hələ ən azı dedim. Bir yerə bir namizəd varsa, bu, artıq seçki yox, təyinatdı. İndi AFFA da İcraiyyə Komitəsinə 13 nəfəri elə 13 nəfər arasından seçəcəksə, bu, seçki yox, təyinat olacaq. Yəni 13 yerə, açıqlanan 13 nəfər təyin olunacaq. Yenə deyirəm, bunun savadsızlıq və ya adam dolamaq olduğuna qərar verə bilmirəm. Amma onu bilirəm ki, hər iki varianta münasib nə isə fikirləşmək olardı. Namizədləri 13 nəfər göstərmə, göstər 18 nəfər. Nə çox komitə, nə çox adam. 18-20 namizədin adını açıqla, sonra özündən qurama seçki keçir və yekunda yenə də nəzərində tutduğun 13 nəfəri həmin 18-20 adamın arasından seç. Ən azı protokolda “seçki” sözünü yazmaq üçün tutarlı əsasın olsun. Yoxsa 13 yerə 13 namizəd açıqlayıb sonra bunun seçkisini keçirmək...
Mən yenə də qərar verə bilmədim. Bunun savadsızlıq və ya futbol ictimaiyyətini dolamaq olduğuna oxucular qərar versin.
Anar XANLAROV