Abşeron Olimpiya Kompleksində Savat döyüş növü üzrə Azərbaycan çempionatı keçirilib. Yeniyetmələr, gənclər və böyüklər arasında baş tutan döyüşlərə ümumilikdə 300-ə yaxın idmançı qatılıb.Bu idmançılar 20 bölgəni və paytaxt klublarını təmsil ediblər.

 

Yarışın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunduqdan sonra tədbirdə qonaq qismində iştirak edən şəhid valideynlərinə övladlarının ölkə qarşısında xidmətlərinə, eləcə də qazilərə vətən müharibəsində göstərdikləri qəhrəmanlığa görə federasiya tərəfindən təşəkkür plaketləri təqdim olunub.

 

Mərasimdə çıxış edən federasiyanın vitse-prezidenti, Fransa-Azərbaycan Universitetinin icraçı-direktoru Vazeh Əsgərov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Oruc Məmmədli, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ilk olaraq şəhid valideynlərinə və qazilərə təşəkkür edib, Savat döyüş növünün ölkəmizdə xüsusilə son dönəmdə geniş vüsət almasını vurğulayaraq məmnunluq ifadə ediblər. Federasiya prezidenti Rafiq Əliyev isə öz növbəsində bildirib ki, tərkibinə 100-dən çox ölkəni daxil etmiş dünya, eləcə də Avropa Savat federasiyaları ölkəmizdə bu idman növünün inkişafı ilə bağlı məmnunluq ifadə edirlər. Beynəlxalq yarışlarda idmançıların nümunəvi çıxışlarını hər zaman vurğulayan rəsmilər tezliklə Azərbaycanda mötəbər yarışların təşkili üçün çalışmalar aparılacağını bildirirlər.

 

Qeyd edək ki, Azərbaycan çempionatının yekunlarına əsasən milli komandalar yenidən formalaşdırılacaq. Gənclər 21-24 iyul tarixlərində Avstriyanın Veyz şəhərində keçiriləcək Avropa birinciliyi, böyüklər isə 20-23 sentyabr tarixlərində İtaliyanın Milan şəhərində baş tutacaq dünya çempionatı üçün təlim-məşq toplanışına cəlb olunacaqlar.