“Səbail” üçün hüquq dərsi
- 08 Dek 2021 11:27
- 2338
Bir dəfə “Səbail”in hansısa oyunundan sonra “ASCO Arena”da keçirilən mətbuat konfransında iştirak edirdim. Komandanın baş məşqçisi Aftandil Hacıyevin arxasında əyləşdiyi masanın üzərində bir barmaq toz var idi. Onun ardınca rəqib komandanın da çalışdırıcısı eyni masanın üzərinə əllərini qoydu, üst-başını toza bulaşdırdı. Klub çalışanları bu diqqətsizliklə təkcə öz baş məşqçilərinə yox, rəqib komandanın çalışdırıcısına da hörmətsizlik nümayiş etdirmişdi. Öz-özümə fikirləşdim ki, masanın üzərinin tozunu silmək də futbol oynamaq qədər çətin və böyük xərc tələb edən məsələ deyil. Bunun için təmizliyə riayət etmək, mətbuat konfransından bir saat əvvəl zaldakı masanın üzərini silmək kifayətdi. Belə başa düşdüm ki, “Səbail”in futbolçuları zəif futbol oynadığı kimi, orda çalışanlar da öz işlərinə eyni səviyyədə laqeyd yanaşırmışlar.
Bu yaxınlarda daha bir hadisə baş verdi. Həmin hadisədən sonra “Səbail”in peşəkar futbol klubu olmaq yolunda irəliləmədiyinə bir daha əmin oldum. Özü də bu hadisə “Səbail”lə yanaşı AFFA-nın da böyük bir ayıbını, qeyri-peşəkarlığını üzə çıxarmış oldu. Hər şey ondan başladı ki, AFFA İntizam Komitəsi ötənlərin məşhur, eyni zamanda da qalmaqallı futbolçusu Ramal Hüseynova 15 oyunluq cəza verdi. Rəsmi açıqlama beləydi: “U-16 Liqasının ROFM – “Səbail” oyununda matçın 30-cu dəqiqəsində “Səbail” komandasının rəsmi şəxsi Ramal Hüseynov hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə onun 15 oyun stadiona girməsinə qadağa qoyulub”. Əsl həngamə bundan sonrasıdı. Hüseynov AFFA-ya açdığı “cavab atəşi”ndə “Bir aydı “Səbail”dəyəm, seleksiyaçı-məşqçi kimi çalışıram, amma rəsmi şəkildə müqavilə bağlamamışam. Bunlar mənə necə cəza veriblər?” dedi. Məlum oldu ki, Ramal “Səbail”də rəsmən çalışmayıb, müqaviləsiz işə gəlib-gedib.
AFFA-nın rəsmi müqaviləsi olmayan adamı texniki zonaya buraxması, ondan sonra ona cəza verməyi böyük ayıb və nizamnamə pozuntusudu. Bu gülməli qərarın AFFA tərəfindən verilən izahat isə adamın beynini “yandırır”: “Ramal Hüseynov Azərbaycan futbol ailəsinin üzvüdü. Komitə təkcə harasa aidiyyatı olan şəxsləri yox, ölkə futbolu ilə bağlı hər kəsi cəzalandıra bilər”. Rəsmən klubda çalışmayan adamı heç bir sənədə, mənbəyə əsaslanmadan “rəsmi şəxs” kimi təqdim edib, ona cəza vermək AFFA İntizam Komitəsinin olmayan hörmətini lap darmadağın edir. Burası öz yerində. Daha gülməlisi isə “Səbail”in icraçı direktoru Fərəc Əliyevin “Futbol+”ə dedikləridi: “Ramal bəyin bizimlə müqaviləsi yoxdu. Bir aya yaxındı “Səbail”in 15 yaşadək futbolçulardan ibarət komandasını çalışdırırdı. Sadəcə, uyğunlaşma prosesi keçməsi üçün ona vaxt vermişdik. Bu sınaq müddət deyil. Ramal Hüseynov Azərbaycan futbolunda uzun illər təmsil olunan veteran futbolçudu. Bu, sadəcə, uyğunlaşma müddət idi. Ola bilərdi ki, sonradan bizimlə çalışmaq istəməsin və ya uşaqlar ondan narazı olsun. Məhz bu səbəbdən müqavilə bağlamamışıq”.
Molla Nəsrəddin demişkən, bu oldu "üzrü günahından da betər". Bu yerdə “Səbail” klubuna hüquq dərsi verməyə ehtiyac var. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilirlər.
Necə deyərlər, Əmək Müfəttişliyinin gözündən iraq...