"Səbail"də anarxiya: baxışa legioner çağırılıb baş məşqçinin xəbəri yoxdur
- 04 Dek 2019 12:00
- 1092
"Mən heç kimi baxışa çağırmamışam və bu futbolçunu da tanımıram".
Rekord.az xəbər verir ki bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.
Ötən həftəsonu "Səbail"in bazasında yeni legioner peyda olub. Bu, Leonardo Paçedir. Tam adı Leonardo Xose Paçe Lares olan Venesuela əsilli italyan futbolçu dayaq yarımmüdafiçisidir.
O, karyerası ərzində Braziliyanın "Kruzeyro" və Portuqaliyanın "Pakuş Ferreyra" klublarının aşağı yaş qruplarında forma geyinib. 21 yaşlı oyunçunun son komandası İtaliya "Kalyari"si olub.
Hacıyev Paçeni tanımadığını bildirib: "Onun üzünü ilk dəfə sizin saytda gördüm. Mənə də qaranlıq qaldı ki, bura necə gəlib və kim çağırıb.
Üstəlik, tanımadığım futbolçunun əyninə "Səbail"in formasının geyindirilməsi… Çox müəmmalıdır. Amma bunu mütləq araşdıracam.
Çempionatda qış fasiləsinin elan olunmasına az qalıb, problemlərimiz onsuz da çoxdur və belə bir vaxtda hansısa legioneri baxışa çağırmaq yersizdir. Pul var ki, yeni futbolçu da gətirək? Birinci, komandada olanların maaşları vaxtında ödənilsin".