"Səbail"də hansı "oyunlar" gedir? YAZI
- 23 Yan 2020 14:00
- 1318
“Səbail”də son vaxtlar əməlli-başlı "oyunlar" gedir. Hətta son vaxt deməzdim, deyərdim ki, bu "oyunlar" hələ yaydan başlayıb. Əvvəl dedilər ki, pulumuz qurtarıb, legionerləri yola salırıq və ancaq yerli cavanlarla oynayacağıq. Sonra məlum oldu ki, 2-3 legionerdən başqa heç kim heç hara getmədi. Çempionatın startından bir müddət sonra yenidən maddi məsələlər gündəə gəldi, futbolçuların maaşlarında gecikələr olduğu haqda məlumatlar yayılmağa başladı. Bu dəfəki söhbətlər deyəsən həqiqətə yaxın oldu. Çünki başda Ağabala Ramazanov olmaqda aparıcı futbolçular həqiqətən “Səbail”i tərk etdi. Amma...
Doğurdanmı “Səbail”də maddi problem var? Şəxsən mənə inandırıcı gəlmir. Düşünürəm ki, bütün bunlar hansısa "oyun"un tərkib hissəsidir. Yəni maaşların yubadılması, maddi sıxıntı olmasına dair məlumatların yayılması da bilərəkdən planlaşdırılıb. Özü də bu "oyunlar" klub daxilində iki qrup arasında gedir. “Səbail”də hakimiyyəti ələ keçirmək üçün. Həmin qruplaşmanın da SOCAR-la AFFA arasında olduğu çoxlarına sirr deyil. Düşünürəm ki, AFFA tərəfi hakiiyyəti ələ keçirmək üçün bütün bu süni maneələri yaradır. Futbolçuların maaşları bilərəkdən gecikdirilir, aparıcı futbolçuların komandadan gedişi və komandanın zəifləməsi bilərəkdən həyata keçirilir. Ki, qarşı tərəf bezib klubdan əlini çəksin və bu komanda tamamilə AFFA-nın əlinə keçsin. Başqa variant haqda düşünmək olmur.
Komandada doğurdan maddi sıxıntı varsa, o zaman “Səbail Antalyaya hansı pulla gedir və 5 ulduzlu oteldə hansı pulla qalır? Əgər Ağabalaya verməyə pul yoxdursa, o zaman Ekşteyn hansı pulla alınıb? Nəzərə alaq ki, Ekşteyn “Səbail”dən daha imkanlı olan “Sabah”da çıxış edib və daha az məbləğə heç vaxt yenidən Azərbaycana qayıtmazdı. Hər halda, yəqin ki, bir müddət sonra “Səbail”də gedən pərdəarxası oyunlar üzə çıxar.
Anar XANLAROV