“Səbail”in legioneri: “Fevralın 29-dan özümü təcrid etmişəm”
- 31 Mar 2020 18:42
- 621
"Uzun müddətdir evdən çölə çıxmıram. Fevralın 29-dan özümü təcrid etmişəm".
Rekord.az xəbər verir ki, bunu "Səbail"in Cənubi Afrika Respublikasından olan futbolçusu Hendrik Ekşteyn ölkəsinin mətbuatına açıqlamasında deyib.
Koronavirus pandemiyasına qarşı necə mübarizə aparmasından danışan 29 yaşlı yarımmüdafiəçi bildirib ki, evdə qalmaq asan deyil: "Düzdür, 1 ay kifayət qədər uzun müddətdir. Amma virusa yoluxmamaq üçün bunu etməliyik. Mövsümün nə zaman bərpa olunacağını bilmirik".
Ekşteynin sözlərinə görə, karantin müddətində formada qalmaq üçün xüsusi məşq proqramı əsasında hazırlaşır: "Formanı qorumaq çox vacibdir. Xoşbəxtlikdən evimin yaxınlığında idman zalı var. Oranı işlədən oğlan məşq etməyim üçün hərdən zalı açır. Amma çox vaxt evimdə çalışıram. Çünki bu, daha təhlükəsizdir".
Qeyd edək ki, Hendrik Ekşteyn ötən yay "Sabah"a keçsə də, qış fasiləsində bu klubla yollarını ayıraraq "Səbail"ə transfer olub.