"Səbail"in qapıçısı Ukrayna mətbuatına Azərbaycandakı vəziyyətdən danışdı
- 13 Apr 2020 16:00
- 618
“Azərbaycanda karantin rejimi daha sərtdir. Şəhərə çıxmaq üçün xüsusi nömrəyə mesaj göndərməli və cavab SMS-i almalısınız. Bunu yalnız bir dəfə etməyə icazə verillir”.
Rekord.az xəbər verir ki, bu sözləri “Səbail”in qapıçısı Aleksandr Rıbka Ukrayna mətbuatına verdiyi müsahibədə deyib.
O, daha sonra belə davam edib: “Bəzən maşınları dayandırıb, evi tərk etmək icazəsi olub-olmadığını yoxlayırlar. Sonradan problemlə üzləşməmək üçün SMS göndərmək daha yaxşıdır. Onu da deyim ki, Azərbaycanda koronavirusa yoluxanlar azdır, xəstəliyin yayılmaması üçün bütün tədbirləri görüblər”.
Ukraynalı futbolçu klubda maaşların azaldılma ehtimalından və çempionatın yenidən bərpası haqda da danışıb: “Maaşların azaldılması müzakirə olunmayıb.
Bu haqda dəqiq nəsə demək olmur. Burada hər kəs Premyer Liqanın bərpasına maraqlıdır. Çünki UEFA çempionatı sona çatdırmadan çempion və mükafatçıları təyin edən ölkələrin Avropa yarışlarında yerlərini itirə biləcəyini açıqladı.
"Qarabağ", "Neftçi" kimi klublar üçün avrokubokda iştirak etmək yaxşı maddi köməkdir. Məncə, çempionat mayın sonu və ya iyunun əvvəlindən tez olmayacaq".