“Səbail”lə “Zirə”nin 11-ci dueli
- 07 Mar 2020 17:30
- 714
“Zirə” bu həftə Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, sözügedən komanda səfərdə “Səbail”lə görüşəcək.
“ASCO Arena”da baş tutacaq qarşılaşma iki rəqib arasında 11-ci çempionat matçı olacaq. İndiyədək komandalar 10 dəfə üz-üzə gəlib.
İlk dəfə 2017-ci ildə “Səbail”lə qarşılaşan “Zirə” bu oyunlarda üstünlüyə malikdi. 5 dəfə qalib gələn “qartallar” 2 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib qapısından 12 top keçirən “Zirə” futbolçuları 6 top buraxıblar.
“Zirə”nin vurduğu qollara 10 futbolçu imza atıb. Nicat Süleymanov və Xulio Sezar Rodriqes komanda yoldaşlarından daha çox – hərəyə 2 dəfə fərqlənib.
Komanda səfər oyunlarında da üstünlüyə malikdi. Əvvəlki 5 matçda üç qələbə qazanan “Zirə” iki dəfə uduzub. 4 qol vuran “qartallar” rəqib meydanında bir top buraxıb.
Qeyd edək ki, martın 8-də “ASCO Arena”da keçiriləcək “Səbail” – “Zirə” qarşılaşmasına saat 16:00-da start veriləcək.