Rumıniyanın paytaxtı Buxarestdə gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 

Rekord.az xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar.

Bu gün onlardan daha biri - Səbinə Əzimova körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlərin 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

İdmançımız birdən qaldırma hərəkətində 80 kq nəticə ilə 5-ci olub.

Səbinə təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 105 kq nəticə ilə bu hərəkətdə bürünc medala sahib çıxıb.

Yeniyetmələr arasında Avropa birinciliyinin üç qat qalibi olan Əzimova, ötən il Polşanın Zamots şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 100 kq nəticə ilə təkanla qaldırma hərəkətində gümüş medal qazanmışdı. Bu gün əldə edilən medal gənc ağır atletimizin ikinci medalı olub.

Toplam 185 kq (80+105) nəticə ilə Səbinə Əzimova yekun sıralamada 4-cü yeri tutub.