Şəfəq Hüseynli antidopinqdə gender bərabərliyi layihəsi barədə Lozanna simpoziumunda çıxış edib
- 14 Mar 2023 16:24
- 393
İsveçrənin Lozanna şəhərində Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) və Milli Antidopinq Təşkilatları İnstitutunun (İNADO) simpoziumu keçirilir. İNADO-ya üzv olan 70-dək ölkədən təxminən 300 nəfər ekspert iştirak etdiyi simpoziuma AMADA-nın direktoru Şəfəq Hüseynli eyni zamanda Avropa şurasının gender bərabərliyi üzrə məruzəçisi və Avropa Şurasının gender bərabərliyi üzrə xüsusi komitəsinin (GECA) sədri kimi spiker qismində çıxış etməyə dəvət edilib. Belə ki, Şəfəq Hüseynli müəllifi olduğu “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi üzrə” beynəlxalq layihəsi barədə geniş təqdimatla çıxış edib. Layihənin icrası ilə bağlı ətraflı məlumat verən Şəfəq Hüseynli bildirib ki, Avropa Şurası və Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) əsasnamələri və fəaliyyətlərini tənzimləyən sənədlər, o cümlədən Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlarda gender prinsipinin hansı səviyyədə nəzərə alındığı ətraflı təhlil edilib. Layihənin icrasının ikinci mərhələsində isə artıq dünyanın milli antidopinq qurumlarında gender bərabərliyinin təmin olunması səviyyəsini müəyyən etmək üçün sorğulara başlanılıb və antidopinqdə rəhbər şəxslərdən müsahibələrin götürülməsi də baş tutacaq. Layihənin icrasının yekunlarına dair hesabat və tövsiyələr hazırlanaraq Avropa Şurası Nazirlər Komitəsinə təqdim ediləcək.
Antidopinq sahəsində gender bərabərliyi məsələsi Lozanna simpoziumu çərçivəsində panel müzakirələrinin də mövzusu olub. Belə ki, bu məsələyə həsr edilən xüsusi panelə Şəfəq Hüseynli rəhbər edib. Şəfəq Hüseynli antidopinq sahəsində idarətemə və icra strukturlarında qadınların təmsil olunma səviyyəsi və antidopinq fəaliyyətində gender bərabərliyin nəzərə alınmasını vurğulayaraq panel iştirakçıları ilə müzakirələr aparıb.
Xüsusi paneldə Şəfəq Hüseyni ilə bərabər Ümumdünya Antidopinq Agentliyinin vitse-prezidenti Yang Yang, beynəlxalq antidopinq eksperti, Təmiz İdman Alyansının təsisçisi London Kingston Universitetinin professoru Andrea Petroczi, İdman və İnsan Hüquqları Mərkəzinin Gender və Baş Məsləhətçisi, BMT Qadınlar Təşkilatının sabiq eksperti Thays Prado və İNADO İdarə Heyətinin Sədri Nick Paterson iştirak ediblər.