Şəfəq Hüseynli yenidən Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilib
- 11 May 2022 15:11
- 748
May ayının 10-da Strasburq şəhərində Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi ilə iş üzrə xüsusi komitəsinin (CAHAMA) XX-ci iclası keçirilib. İclasda iştirak edən Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru, Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi Şəfəq Hüseynli hesabat xarakterli məruzə ilə çıxış edib. Şəfəq Hüseynli həmçinin rəhbərlik etdiyi Avropa Şurasında yaradılan gender bərabərliyi üzrə xüsusi komitənin fəaliyyəti barədə də məlumat verib. Bildirib ki, komitənin tərkibi artıq formalaşıb və keçirilən ilk iclasda komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Qeyd edək ki, xüsusi komitə Ş.Hüseynlinin müəllifi olduğu “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsini daha əhatəli formada həyata keçirmək və onun icrasını dəstəkləmək məqsədilə yaradılıb.
Məruzə dinlənildikdən sonra isə növbəti dövr üçün Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisinin müəyyənləşdirilməsi üçün seçkilər keçirilib. Bu zaman Yenidən Şəfəq Hüseynlinin namizədliyi irəli sürülüb və növbəti iki il müddətinə Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilib.
Qeyd edək ki, Şəfəq Hüseynli ilk dəfə 2019-cu ildə Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilmişdi. Avropa Şurasının hökumətlərarası orqanları və digər strukturları çərçivəsində təyin edilən gender bərabərliyi üzrə məruzəçilər tərkibində olduqları müvafiq orqan və ya strukturun işinə, siyasətinə, proqram və fəaliyyətlərinə gender bərabərliyi konsepsiyasının daxil edilməsi yollarının müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərirlər.