Şəhər başqa şeydi...
- 05 May 2024 10:09
- 1444
Yaxşı yadımdadır, böyüdüyüm rayon pambıçılıq rayonu olduğu üçün uşaq vaxtı bizi məktəbdən pambıq yığmağa göndərərdilər. 11-12 yaşımız vardı, günortaya kimi pambıqla dolu ağır “fartuklar”la ləklərin arasında dolaşardıq. 1 saatlıq fasilə zamanı yediyimiz o quru çörəyin, evdən gətirdiyimiz və elə soyuq halda mədəmizə ötürdüyümüz yeməklərin dadı axşama kimi ağzımızdan getməzdi.
Yemək fasiləsində həm də özümüzdən böyüklərin söhbətlərinə qulaq verir, onların nədən danışdığını eşidərdik. Gözümüzü açandan ancaq öz kəndimizi görmüşdük, Bakı bizim üçün ağ-qara televizorun ekranından tamaşa etdiyimiz əzəmətli şəhər idi. Bizimlə pambıq yığan həmkəndilərimdən birinin bacısı ailə həyatı qurub, Bakıya köçmüşdü. O ərəfələrdə bacısıgilə qonaq gedib, Bakının gözəlliklərini öz gözləri ilə görmək həmin şəxsə nəsib olmuşdu. Hər nahar fasiləsində Bakıya getməsindən, orda gördüklərindən təkrar-təkrar danışardı, maraqla qulaq asardıq. Maraqlıdır ki, belə söhbətlər adətən bir cümlə ilə yekunlaşardı: “Şəhər başqa şeydi...” Bu sözləri deyəndən sonra onun gözləri yol çəkir, hiss edirdin ki, özü də nə vaxtsa o əzəmətli şəhərdə yaşamaq arzusunda idi. Elə bizim hamımız kimi...
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov İspaniyaya səfər edib, orda “Barselona”nın düşərgəsinə baş çəkib. Səfər zamanı Abasov “Barselona”nın prezidenti Joan Laporta və komandanın baş məşqçisi Xavi Ernandezlə görüşüb, onlarla fikir mübadiləsi aparıb. Hələ Samir bəy İspaniyada olarkən səfərlə bağlı məlumatlar sosial şəbəkələrdə və idman mətbuatında geniş şəkildə işıqlandırılır, Samir bəyin dilindən səslənən sitatlar manşetlərə daşınır, müxtəlif görüşlərdən çəkilən şəkillər xəbər lentlərini bəzəyirdi. Adam bir anlıq özünü 10-15 il keçmişdə hiss edir, bir azərbaycanlı mütəxəssisin İspaniyada isti qarşılanmasının bəxtəvərliyini yaşayırdı. Sonra xatırlayırdın ki, 2024-cü ildir, biz belə şeyləri çox görmüşük axı. Əsas olan bu səfərdən futbolumuzun, ən əsası da Samir bəyin özünün fayda götürməsidir.
Samir bəy qayıtdı, dərhal da diktofonlar önünə əyləşib, geniş müsahibə verdi. Biz də oxuduq və öyrəndik ki, “Barselona”nın uşaq akademiyasında işlər mükəmməl qurulub, aşağı yaş qruplarında azyaşlıları əsas komandanın sisteminə uyğun yetişdirirlər. Əsas komandaya gələn uşaq da artıq hazır səviyyədə olur, məşqçilərin ona topu necə qəbul edib, hara vurmasını öyrətməsinə ehtiyac qalmır. Məgər biz bunları bilmirdik ki?!
Bir dəfə Mourinyo Çempionlar Liqasında rəqib olduqları Dortmund “Borussiya”sının oyununa baxmağa gedibmiş. Həmin vaxt alman klubunu çalışdıran Klopp da demişdi ki, Jozenin bu qədər yolu gəlməsinə ehtiyac yox idi, məndən soruşsaydı, ona yaxşı komanda olduğumuzu söyləyərdim. Samir bəyin çempionatın qızğın vaxtında İspaniyaya gedib, qayıdandan sonra bizə uşaq komandalarını, akademiyanı tərifləməsini ona bənzədirəm.
Biz baş sındırmalıyıq ki, nə üçün o akademiyalardan özümüz qura bilmirik, illərdir futbola ayrılan milyonları ninqalara, sorqalara xərcləyirik. Onlar da gəlib burda gününü keçirir, pulunu qazanır gedir. Samir bəy sual edir ki, “niyə A komandasının baş məşqçisi olaraq gənclərə, təcrübəsizlərə şans verməliyəm?” Amma unudur ki, Qurban Qurbanov Toral Bayramova, Nəriman Axundzadəyə, Qara Qarayevə, Əfran İsmayılova şans verəndə, onlar da gənc və təcrübəsiz idi. Onda Qurban bəy ictimaiyyətə belə kinayəli suallar ünvanlamırdı.
Taleyin qismətidir, dünən “Sumqayıt” Tovuzda vacib iki xal itirdi, “Barselona” da “Jirona”ya məğlub oldu. Keçmiş olsun, əsas odur ki, Barselona gözəl şəhərdi. Lap bizim uşaqlıq xəyallarımızdakı Bakı kimi...