Şəhidlərə həsr olunmuş 6-cı “ARPACHAY OPEN-2022” beynəlxalq karate turniri başa çatdı
- 24 Yan 2022 14:30
- 828
21-23 yanvar 2022-ci il tarixlərində Bakı İdman Sarayında Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Milli Karate Federasiyası və Arpaçay Karate Klubunun təşkilatçılğı ilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ənənəvi “ARPACHAY OPEN” beynəlxalq karate turniri baş tutub.
20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə keçirilən 6-cı “ARPACHAY OPEN-2022” beynəlxalq turnirinin açılış mərasimində şəhid ailələri, qazilər, eyni zamanda Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov, Rusiya Karate Federasiyasının vitse-prezidenti Viktor Xan, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov, Milli Məclisin deputatı Sadıq Qurbanov, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, idman federasiyalarının rəhbərləri, tanınmış idmançılar, sponsorların və ictimai təşkilatların nümayəndələri iştirak ediblər. AMKF prezidenti Y.Bəşirov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri E.Məmmədov, millət vəkili V.İskəndərov, RF Karate Federasiyasının vitse-prezidenti V.Xan, Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynovun və digərlərinin çıxış etdiyi mərasimdə karatenin inkişafı və yarışın keçirilməsində dəstəyə görə bir sıra şəxslər fəxri diplomla təltif olunublar.
Turnirlə bağlı açıqlama verən Arpaçay Karate Klubunun prezidenti, Əməkdar məşqçi Yavər Hüseynov deyib ki, “ARPACHAY OPEN-2022”də Rusiya və Ukrayna daxil olmaqla, bir sıra xarici ölkələrdən, paytaxt Bakıdan və Azərbaycanın əksər regionlarından çoxsaylı idmançı iştirak edib:
“Kata və kumite yarışlarında iştirak edən uşaq, yeniyetmə və gənc idmançılar müxtəlif kateqoriyalar üzrə mübarizə aparıblar. Yarışın nəticələrinə görə, Arpaçay Karate Klubu birinci, “Qara Qaplan” klubu ikinci, Rusiyanın “Dağıstan Karate” klubu isə üçüncü yeri tutub”.