Şəhriyar Məmmədyarov: "Yerimi onlara verməyə hazıram"
- 28 Fev 2020 16:00
- 845
Xəbər verdiyimiz kimi, Azərbaycanın gənc şahmatçısı Aydın Süleymanlı Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalının qalibi olub.
Rekord.az xəbər verir ki, beynəlxalq qrossmeysterimiz Şəhriyar Məmmədyarov da gənc həmkarını bu münasibətlə təbrik edib.
O, Aydının böyük şahmatçı olacağına inandığını deyib: “Öncə Raufu təbrik edirəm. Çoxdan ondan gözlədiyim oyunu göstərdi. Turnir boyu inanılmz və böyük səviyyədə oyun nümayiş etdirdi.
Heç bir qarşılaşmada pis çıxış etmədi. Sözsüz ki, ən pis oynadığı oyun son oyun idi. Bunun da sadə səbəbi var ki, o, ürəkdən mübarizə aparmadı. Aydın haqqında danışmaq istəyirəm.
İnanılmaz uğurdur və onda inanılmaz soyuqqanlılıq var. Böyük şahmatçı olacağına şübhəm yoxdur. Azərbaycan şahmatının gələcək ümid yeridir. Belə davam edərsə, 2700 və 2800 reytinq xalını görəcəyik.
Bizim şahmat federasiyası isə vaxt itirmədən onu milliyə götürməlidir. Çünki millimiz artıq öz yerində sayır, gənclərimizə dəstək olmaq lazımdır. Bu gənclər mənim, Teymurun, Vüqarın yerini doldurmasın, bizdən üstün olsunlar.
Sözlərim tək Aydına aid deyil, bütün gənclərə aiddir. Mən şəxsən yerimi onlara verməyə hazıram. Dünyada 2 nömrəli şahmatçı olmağı bacardım. Amma bu azdır. Sizin bir 1 nömrə olacağınıza inanıram və gözləyirəm. Var qüvvəmlə sizə dəstək olacaq. İnanıram və güvənirəm”.