“Şəhriyarın mübarizəni dayandırması bəxtsizlikdir”
- 05 Avq 2023 11:30
- 358
Dünya Kubokunda üçüncü mərhələyə vəsiqə qazanan azərbaycanlı şahmatçı Rauf Məmmədov tay-brekdəki qələbəsi barədə danışıb.
Rekord.az xəbər verir ki, Məmmədov turnirin rəsmi saytına açıqlamasında bunları deyib:
“Tay-brekdən öncə gecəni çox pis yatmışdım. Ona görə oyun çətin keçdi. Dünya Kubokunun yeni qaydalarında armageddon yoxdur. Bu çətinlik yaradır. Heç-heçələrlə növbəti mərhələyə çıxmaq mümkün olmur. Məşqçi Aleksandr Xalifmana çox sağ ol demək istəyirəm. Tay-brekdə onun köməyindən istifadə etdim və qalib oldum. Xalifmanla həm də dostluq münasibətlərimiz var”.
Üçqat Avropa çempionu üçüncü mərhələdə qarşılaşacağı rəqibi FIDE təmsilçisi Yan Nepomnyaşi barədə fikirlərini bildirib: “Növbəti oyuna hazırlaşmaqdan çox rahat dincəlməyi düşünürəm. Növbəti rəqib Yan Nepomnyaşi olacaq. Kifayət qədər güclü şahmatçıdır. Vitse-dünya çempionudur. Çalışacam ən yaxşı oyunumu göstərim”.
Azərbaycanlı şahmatçı komanda yoldaşı Şəhriyar Məmmədyarovun Dünya Kuboku ilə erkən vidalaşmasını bəxtsizliklə əlaqələndirib:
“Şəhriyar kimi şahmatçının erkən mərhələdə mübarizəni dayandırması mənə görə bəxtsizlikdir. Digər tərəfdən etiraf etmək lazımdır ki, şahmatın səviyyəsi çox qalxıb. Hazırda 2300 reytinqi olan şahmatçını məğlub etmək san deyil. Şəhriyarın rəqibi yaxşı şahmatçıdı. Məncə sinqapurlu Tin Jinqao 2700 reytinqli şahmatçı olacaq, uğurları qarşıdadır”.