Səid Mollayi də DÇ-də medalsız qaldı
- 09 Okt 2022 19:00
- 446
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, Azərbaycan cüdoçusu Səid Mollayi də bu gün mundialda qüvvəsini sınayıb.
81 kq-da çıxış edən idmançı mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq, slovakiyalı Aleks Barto və mərakeşlı Aşraf Mutiyə qalib gələn Mollayi 1/4 finalda cənubi koreyalı Yunvan Li ilə qarşılaşıb. Rəqibinə vazari ilə qalib gələn cüdoçu yarımfinala adlayıb.
Finala gedən yolda rəqib gürcüstanlı Tato Qriqalaşvili olub. Rəqibinə cərimə xalları ilə uduzan Mollayi bürünc medal uğrunda mübarizə aparıb. Onun rəqibi Avstriyanı təmsil edən Şamil Borçaşvili olub. Bu rəqibinə isə ipponla uduzan Mollayi 5-ci yerlə kifayətlənib.
81 kq-da mübarizə aparan digər cüdoçumuz Elcan Hacıyev isə təsnifatda Laklan Murhedə (Böyük Britaniya) uduzaraq mübarizəni erkən dayandırıb.
Xatırladaq ki, Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. İlk üç yarış günündə mübarizə aparan 7 idmançımızdan yalnız Hidayət Heydərov medal qazanıb. 73 kiloqram çəki dərəcəsində yer alan cüdoçu bürünc mükafata sahib çıxıb. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.