Azərbaycan Voleybol Federasiyasının 15 yaşadək qızlar arasında keçirdiyi seleksiya məşqlərinin növbəti mərhələsi başa çatıb. "Rekord.az" xəbər verir ki, federasiyanın idman zalında təşkil olunan seleksiya məşqlərinin ikinci günündə bir müddət əvvəl Bakı, Sumqayıt və Xırdalandan seçilmiş 2010-2011, 2013-2014, 2015-2016-cı il təvəllüdlü qızlar iştirak ediblər. 

Yeniyetmə və gənclərdən ibarət milli komandaların rəhbəri Şahin Çatma və AVF-nin məşqçilərinin apardığı seleksiya məşqlərində müvafiq normativləri uğurla başa vuran uşaqlar müəyyənləşdirilib. Seçilmiş voleybolçular daha yaxşı forma yığmaq üçün 14-18 avqust tarixlərində təşkil olunacaq “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi”ndə iştirak edəcəklər.

Belə seleksiya məşqləri və düşərgələr mütəmadi olaraq təşkil olunacaq.

Qeyd edək ki, bölgələrdən seçilmiş uşaqların seleksiya məşqləri zonalar üzrə həyata keçiriləcək.