Səmədağa Şıxlarov: "AFFA-da işləyən elə şərəfsizlər var ki..."
- 07 Yan 2020 13:00
- 3487
Bu yaxınlarda saytımızda "AFFA-dan Səmədağa Şıxlarova hörmətsizlik" başlıqlı xəbər getmişdi. Xəbərdə qeyd olunmuşdu ki, federasiya veteran futbolçuya təqaüd kəssə də, bu zaman ayrıseçkilik edib. Belə ki, AFFA "Neftçi"nin heyətində 150-dən çox oyun keçirən veterana cəmi 180 manat təqaüd ayırıb. Hansı ki, "ağ-qaralar"ın heyətində heç bunun yarısı qədər oyun keçirməyən və nüfuzuna görə Şıxlarovan xeyli geri qalanlara 250 manat verilir. Şıxlarov saytımızla əlaqə saxlayaraq sözügedən xəbərlə bağlı fikirlərinin olduğunu bildirdi.
Rekord.az isə veteran futbolçumuza fikirlərini çatdırmaq üçün tribuna verdi.
Şıxlarov açıqlamasında çox sərt danışdı: "Əvvəla diqqətdə saxladığınız və problemlərimizi qabartığınız üçün sizə təşəkkür edirəm. Saytınızda gedən xəbərə gəlincə, deyəcəklərim əslində tək özümə görə deyil. Sözlərim haqsızlıqla üzləşən bütün futbol veteranlarının haqqlarının qorunmasına hesablanıb. Rafiq Quliyev, Rafiq Əlizadə, Nikolay Smolnikov, Elbrus Abbasov, Tofiq Abbasov, Vitali Şevçenko, Nikolay Boqdanov, Şakir Qəribov, Əbdülqəni Nurməmmədov... Hələ bizi indi siyahıya salıb təqaüd verirlər. Mənim özümə 2 il bundan qabaqdan verilməli idi. Çünki 63 yaşım onda tamam olmuşdu. Niyə 2 il yubadıblar? Hər şeydə haqsızlıq, ayrıseçkilik var. Nə vaxta kimi belə olacaq? Ümumiyyətlə, bu ayrıseçkiliyin başında kim durur, mənə çox maraqlıdır. Bu təqaüdü təsis etmişdilər ancaq veteran futbolçular üçün. Sonradan qaydaları dəyişdilər və futbol ictimaiyyətinin digər nümayəndələrini də ora əlavə elədilər. Axı bu təqaüd SSRİ çempionatında "Neftçi"də oynamış futbolçular üçün idi. Sonradan ora əlavə olundu kimlər, kimlər... Kimlər də bunu elədi məlum deyil. Elə həmin insanlara görə mən və mənim kimi veteranlar 2 ilə yaxın gözləməli olduq. Yaxşı, futbol ictimaiyyətinin nümayəndələrini də əlavə edirsiniz edin. Buna etirazım yoxdur. Azərbaycan futbolunda xidməti olmuş hansısa şəxsə verilirsə verilsin. Amma fərq olmalıdır axı. Ümumiyyətlə təqaüdün 63 yaşdan etibarən verilməsi də çox gülməlidir. Biz dövlət qurumlarında işləmirik, veteran futbolçularıq. Futbolçulara təqaüdü verərlər 50-55 yaşında. 63 yaşa kimi yaşayan var? AFFA-da işləyən bəzi şərəfsizlər var ki, hansısa veteran öləndə sevinir ki, bu da öldü getdi təqaüd verilməyəcək. Elələri çoxdu. Mənə ən çox təsir edən odur ki, İcraiyyə Komitəsində oturan futbol veteranları bir dəfə də olsun bu məsələni qaldırmayıb. Öz kreslolarından qorxduqları üçün. Bəs orda niyə oturmusunuz? Kimi və nəyi müdafiə edirsiniz? Belə çıxır ki, Azərbaycanda 4-5 nəfər futbol oynayıb da biz futbol oynamamışıq. "Neftçi"nin heyətində yüksək liqada 150-200 oyun keçirənlə I divizionda 15-20 oyun keçirəni eyni tərəziyə qoyurlar. Bu nə dərəcədə düzgündür? Bəsdirin də qanımızı içdiniz, bizi işsiz qoydunz. 5 manat pul verirsiniz, ona da göz dikirsiniz. Gətirdiyiniz legioner məşqçinin heç 1 aylıq maaşı deyil. Heç bazarlığının pulu deyil. Bəsdirin də. Sözüm bu qərarı qəbul edən insanadır. Sən özün AFFA-da hansısa mühüm postu tutursan. Həmin federasiyada çalışan hansısa menecer səninlə eyni maaşı ala bilər? Mümkündür? Mümkün deyil axı. Vitali Şevçenko SSRİ millisinin üzvü olub, amma 180 manat təqaüd kəsmisiniz. SSRİ millisində oynamış adamla I dəstədə 15-20 oyun keçirmiş adamı eyni tərəzinin gözünə qoymaq olar? Asəf Namazov, Smolnikov, Şevçenko və eləcə də mən özüm SSRİ olimpiya yığmasına cəlb olunmuşuq. Hələ elə veteranlarımız var ki nə "Neftçi"dən təqaüd alır, nə də AFFA-dan. Bunlardan biri də hazırda Almaniyada yaşayan Elxan Rəsulovdur. Heç onu yada salan yoxdur. Novruz Əzimov, Nazim Süleymanov kimi veteranlar "Neftçi"dən təqaüd almır. Bu nə dərəcədə ədalətlidir? Çıxarsınlar həmin siyahını qoysunlar da ortaya. Qoysunlar ortaya ictimaiyyət də bilsin ki, təqaüd alanlar kimlərdi. Heç vaxt qoymazlar. Çünki o siyahıda qohum da var, dost-tanış da".