Səmədov yığmamızın hazırlığından danışdı
- 17 İyn 2022 11:02
- 485
Azərbaycan voleybolçu kişilərdən ibarət millisi İslam Oyunlarına və Avropa Çempionatının seçmə mərhələsinə hazırlığını davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamızın baş məşqçisi Pərviz Səmədov federasiyanın mətbuat xidmətinə hazırlıq prosesindən danışıb:
"Mayın 15-dən təlim-məşq toplanışına başlamışıq. İlkin mərhələdə məşqlərə 24 voleybolçu cəlb etmişdik. Hazırda onlardan 18-i ilə hazırlığı davam etdiririk. İyunda da təlim-məşq toplanışımız Bakıda olacaq".
Gənc mütəxəssis qarşıda yoxlama oyunlarının nəzərdə tutulduğunu deyib: "Gələn ay isə ölkə xaricində hazırlıq keçmək və yoxlama oyunları keçirməyi planlaşdırırıq. İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatının seçmə mərhələsinə bir aydan çox vaxtımız var. Düşünürəm ki, həmin vaxtadək oyunçularımız güclü məşqlər edərək daha yaxşı forma yığacaqlar".
Səmədov yığmamızın qitə birinciliyinin təsnifatında kifayət qədər güclü rəqiblərlə mübarizə aparacağını bildirib: "Avropa çempionatının təsnifat mərhələsində güclü komandalarla bir qrupda mübarizə aparacağıq. Rəqiblərimiz Türkiyə və Danimarka milliləridir. İslamiadada isə hələlik kimlə oynayacağımız bəlli deyil. İstənilən halda, komanda meydana qələbə üçün çıxacaq. Əsas hədəfimiz hər iki yarışda uğurlu çıxış etmək, bizə bəslənilən ümidləri doğrultmaqdır”.
Qeyd edək ki, millimiz Avropa birinciliyinin seçmə mərhələsində A qrupunda mübarizə aparacaq. Qarşılaşmalarımız 3-20 avqust tarixləri aralığında keçiriləcək.