Sənan Qurbanov Elxan Məmmədovdan iş istəyib MÜSAHİBƏ
- 20 Fev 2020 14:00
- 1092
Cempion.az "Qəbələ"nin sabiq baş məşqçisi Sənan Qurbanovun müsahibəsini təqdim edir:
- Bu günlərdə AFFA-da baş katib Elxan Məmmədovla görüşünüz olub. Hansı məsələlər haqda danışmısınız?
- Bəli, həqiqətən görüşmüşük. Məndə PRO kateqoriyası yoxdur. Onu almaq üçün klubda işləməliyəm. Ona görə Elxan Məmmədovla görüşdüm. Həm də iş barəsində söhbətimiz oldu. Elxan müəllimlə də danışığımız müsbət keçdi.
- Hər hansı klubda işləmək üçün sizə şərait yaradılacaq, yoxsa kömək olunacaq?
- Hələ ki, gözləyirəm. Deyəcək bir şey yoxdur. Normal söhbətimiz oldu. Onsuz da məşqçi işi budur. Elə mütəxəssis var çox gözləyir, eləsi də az.
- Təxminən 6-7 aydır ki, işləmirsiniz. Maddi sıxıntılarımız olurmu? Azərbaycan Premyer Liqasında işləmiş məşqçi həmin çətinlikləri necə aradan qaldırır?
- Təbii ki, işsiz qalmaq yaxşı hal hesab olunmur. Bu tək futbol sahəsində deyil, hamısında belədir. Biz də yalnız futbolu bacardığımız üçün başqa işin qulpundan tuta bilmirik. Ona görə də işsizlik yaxşı deyil. Sıxıntı olsa da belə, dilə gətirmirik. Necəsə yola veririk. Nə etmək olar ki?
- "Qəbələ"də birlikdə çalışdığınız Roman Qriqorçukla "Astana"dan ayrılandan sonra danışığınız olub?
- "Astana"da işləyəndə də danışırdıq, oradan ayrılandan sonra da mesajlaşmışıq. Amma iş barəsində yox, daha çox ailəmiz haqda danışdıq. Lakin iş barəsində danışmamışıq.
- AFFA-dan təklif aldığını soruşmusuz?
- Köməkçilərilə də danışıram. Onlarla da danışanda, belə söhbəti mətbuatdan oxuduqlarını deyirdilər. Yəni onlar belə, Azərbaycan millisində işləmək təklifinin olub-olmadığını Roman Qriqorçukdan soruşmağa çəkinirdilər. Mən də ondan sonra heç soruşmadım.
- Azərbaycan Premyer Liqasının hazırki durumunu necə şərh edərdiniz? Bəziləri deyir, çempionat maraqsızdır, bəziləri deyir, çempionatda rəqabət yüksəkdir. Siz hansı fikirdəsiniz?
- Komandalarımız arasında stabillik təkcə "Qarabağ"da görünür. Həmişə qış fasiləsindən sonra çempionat gərgin keçir. "Zirə", "Sumqayıt", "Qəbələ" və "Qarabağ" kubokda da iddiasını sürdürür. "Qarabağ"dan savayı, digər komandalar gah belə, gah elə oynadıqlarına görə aralarındakı xal fərqi də elə böyük deyil. "Neftçi" - "Keşlə" oyununu stadiondan canlı izlədim. Maraqlı keçdi, "Neftçi" yaxşı çıxış edib, qalib gəldi. "Səbail" - "Qəbələ" görüşü də maraqlı alındı. Belə götürsək, çempionatımız maraqlı və gərgin keçir.
- "Neftçi"də oyun anlamında dəyişiklik gördünüz?
- "Keşlə" ilə görüşdəki oyunlarını bəyəndim. "Neftçi" dominantlıq etdi, topa daha çox sahib oldular, daha çox hücumlar etdilər. "Keşlə" isə sanki öz günündə deyildi.
- "Qəbələ" qış fasiləsindən sonra uğursuzluq yaşayır. Sizcə, fasilə sabiq komandanız üçün düşərli olmadı?
- "Qəbələ" qışda İbrahim Niasse, Davit Volkovu komandada saxlaya bilmədi. Bu gedişatların komandaya təsir edəcəyini hamı bilirdi. Yeni oyunçular gəlib, hamısı vaxt tələb edən məsələlərdir. Bunlar da nəticəyə təsir edir. Bəzən görürsən təsir etməməsi üçün çıxış yolları tapırsan, bəzən də belə olur. Yeni oyunçuların adaptasiyası vaxt alır. Hazırda "Qəbələ" bunu yaşamaqdadır.
- Uğursuzluq zamanı baş məşqçi postundan istefa verib getdiniz. "Qəbələ"də zəif çıxış davam edərsə, hazırki baş məşqçi də komandaya görə özünü qurban verməlidir?
- Məğlubiyyət varsa, hər yerdə birinci növbədə günahkar baş məşqçidir. Amma "Qəbələ"nin oyununda ümidverici məqamlar var. Oyun cəhətdən pis deyillər. Baş məşqçi də bunu görür. Komanda həqiqətən çox yaxşı mübarizə aparır. Rəhbərlik də baş məşqçiyə dəstək olur. Bu yaxşı amildir. Birləşib komanda şəklində imtahanlardan çıxmaq olar. Ötən mövsüm də belə hallar yaşandı. Roman Qriqorçuk ayrıldıqdan sonra bir çox oyunçu getdi, yenilər gəldi. Onların sistemə oturmasına kimi bəzi xal itkiləri oldu. Sonradan toparlana bildik. Kubokda iddiamız daha da böyüdü. Keçən il Elmar bu için içində olub, bunu yaşadığına görə, təcrübəsi komandanı toparlayıb bu vəziyyətdən çıxarmağa imkan verəcək.
- Dediz ki, rəhbərlik baş məşqçi Elmar Baxşıyevin arxasındadır. Sizdə belə deyildi?
- Keçən il, bəli (gülür). Dəstək oldular, komanda kimi birləşdik və kuboku qazandıq.
- Mövsüm əvvəlində həmin dəstəyi hiss etmədiz?
- Nəticələr və oyunumuzdan sonra qərara gəldim ki, gedim. Amma bu günki "Qəbələ" yaxşı futbol göstərə bilir. Yeni futbolçular var, məşqçi onların potensialına inanır. Zaman göstərəcək, yaxşı oyun varsa, nəticə də gələ bilər.
- Son günlərin əsas mövzularından biri Ramil Şeydayevin "Sabah"a keçididir. Milli komandamızın forvardının Rusiyadadan sonra yenidən Azərbaycana qayıtması barədə nə deyə bilərsiz?
- Çempionatımızın maraqlı olmasını, yaxşı oyunçuların oynamasını, legionerlərin gəlməsini, azarkeşlərin tribunaları doldurmasını istəyirik. Bunlar hamısı Premyer Liqa marağı artırır. Təbii ki, millimizdə çıxış edən futbolçularımızın legioner həyatı yaşamasını hamımız istəyərik. Ramil Rusiyada oynayırdı, hamımız da izləyirdik. Bir futbolçumuzun belə xaricdə oynaması müsbət haldır. Əlbəttə ki, klub karyerası üçün Azərbaycana gəlməsi geriyə atılmış addımdır. Bəhlul Mustafazadə, Amin Seydiyev, İsmayıl İbrahimli kimi gənclərimiz var ki, onların xaricə getməsini gözləyirik. "Qarabağ" Avropada sözünü demiş komandadır. Amma onunla belə deyirik ki, Mahir Emreli gedib xaricdə oynasın və millimiz də bundan faydalansın. Fikrimcə, Şeydayev məcburiyyətdən bura gəlib. Rusiya və ya Türkiyədən variant olsaydı, gedib oynayardı. Yığmada yeganə forvardımızdır. O da burada oynayacaq. Ümid edək ki, "Sabah" üçün faydalı olar və tezliklə xaricə yollanar. Tək Ramil yox, bayaq adlarını çəkdiyim gənclərimiz də mütləq legioner həyatı yaşamalıdır. Təklif olmalıdır ki, getsinlər. Həm də istək olmalıdır. Futbolçularımızı xaricə göndərməliyik. Millimiz də bundan faydalanmalıdır. Çempionatımıza isə legionerlər cəlb etməliyik ki, onlar yerlilərdən üstün olsunlar, Premyer Liqa daha da maraqlı keçsin (apasport.az).