Şenol Günəş haqlıdırmı?
- 20 Avq 2023 10:30
- 856
“Beşiktaş” – “Neftçi” qarşılaşmasını izləmək üçün İstanbula yollanan həmkarlarımız Şenol Günəşə azərbaycanlı futbolçularla bağlı sual ünvanlayıblar. İllərdir ki, biz Türkiyənin güclü klublarında, özünü “İstanbul nəhəngi” və ya “4 böyük” adlandıran komandalarda azərbaycanlı futbolçuları görmək arzusundayıq.
Rəşad Sadıqovun Türkiyədə çıxış etməsi, özünü isbatlamağa çalışması hamımızın yadındadır. Mahir Emrelinin “Konyaspor”, İlqar Qurbanovun “Sivasspor” formasıyla “Beşiktaş”a qol vurmasından, Kamran Ağayevin “Kayserispor”un heyətində “Beşiktaş”a qarşı meydana çıxmasından savayı ciddi mənada öyünəsi heç nəyimiz yoxdur. Bir də çox-çox illər bundan əvvəl rəhmətlik Ruslan Abdullayev özüylə birlikdə azərbaycanlı futbolçuları “Ərzurumspor”a aparmışdı. Amansız “Qalatasaray” bizimkilərə elə bir “toy tutdu” ki, “dadaşlar” onları tez-tələsik geri göndərdi. Lıçkinin “Trabzonspor”a transfer olunması isə lap qədim dünya tarixidir.
Ona görə də azərbaycanlı futbolçuların Türkiyədə legioner sayılmayacağını eşidəndə çox sevinmişdik. Düşünürdük ki, bizimkilərin türk klublarına kütləvi axın etməsinə mane olan səbəb məhz legioner limitidir. Ordakı klub başbilənləri azərbaycanlı futbolçuları heyətə qatıb, legioner limitindən yararlanmaq istəmirlər. Ona görə də gözləyirlər ki, bizimkilər Türkiyədə yerli futbolçu statusu ilə oynaya bilsin, bundan sonra da Bakıya dəvətlər bir-birinin ardınca gəlməyə başlasın. “Qarabağ”ın Bakıda “Qalatasaray”la “qardaşlıq matçı”nda qarşılaşmasıyla aradakı buzlar da əriməyə başladı, dostluq mesajları bir-birinin ardınca səsləndi. Nəticəsi də o oldu ki, türkdilli dövlətlərdən gələn bir futbolçunun Türkiyə çempionatlarında legioner sayılmamasıyla bağlı qərar qəbul edildi.
Elə həmkarlarımın da Şenol hocaya sualı bu barədə olub, nə vaxtsa “Beşiktaş”da azərbaycanlı futbolçunun çıxış etmək ehtimalı soruşulub. Cavabı bir daha oxuyaq: “Bildiyim qədəriylə Azərbaycanda futbolçular az pul alırlar. Bizə gəlsələr, çox pul istəyərlər. Pulsuz gələni də biz almırıq”. Nə anladıq bu cavabdan? Günəş demək istəyir ki, azərbaycanlı futbolçulara dəvət göndərsək, onlar daha çox qazanmaq arzusunda olacaqlar, bizdən pul qoparmağa çalışacaqlar. Biz də həmin pulu onlara vermək istəmirik. “Pulsuz gələni də biz almırıq” sözlərinə hər hansı izah vermək isə çox çətindir. Bəlkə, kiminsə “Beşiktaş” forması geymək kimi bir arzusu var. Lap elə “Sabah”dan firar edən Mikels kimi, özü transfer vərəqini alıb, “Beşiktaş”ın qapısını döyəcək?!
Birinci dəfə deyil ki, Şenol Günəşdən bu cür ziddiyyətli, məntiqi izahı olmayan sözlər eşidilir. Türkiyədəki dəhşətli zəlzələdən sonra “Beşiktaş” tərəfinin hansı iddialarla çıxış etdiyi hamımızın yadındadı, təkrarlayıb, başağrısı verməyim. Elə həmin Şenol Günəş və “Beşiktaş” rəhbərliyi Moskvanın ÇSKA klubunda heyətə düşməyə çətinlik çəkən Baxtiyor Zaynutdinovun transferi üçün 4,5 milyon avro xərcə düşüb. Futbolçunun özü isə “Beşiktaş”da ilinə 1 milyon avrodan çox məvacib alacaq. Nə varmış ki, adam ÇSKA-dan gəlib. Türkiyə klublarının Rusiyada oynayanlara sevgisi bizə çoxdan məlumdur. Hətta orda çıxış edən erməni futbolçulara belə zaman-zaman elçi düşüblər. Yeri gəlmişkən, qazax futbolçular neçə ildir ki, Rusiyada da legioner sayılmırdılar. Elə Zaynutdionov kimilərin Rusiyaya yolunu açan da bu məqam idi.
Bizimkilərin bəxti yoxdur, Şenol Günəş kimilərin də bizə qarşı səmimi sevgisi. Onun və digərlərinin dedikləri hamısı gəlişigözəl sözlərdir...