Sərbəst güləş üzrə məşqçilər üçün seminar
- 04 Dek 2019 22:20
- 1342
Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan çempionatında iştirak edəcək sərbəst güləş üzrə komandaların məşqçiləri üçün seminar keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Firdovsi Umudov çıxış edərək gələn ilin güləşimiz üçün çox məsuliyyətli il olduğunu, Olimpiadaya daha 5 lisenziya qazanmağın vacibliyini dilə gətirib, ölkə daxilində bəzi çəkilərdə güclü rəqabətin mövcudluğunun sevindirici olduğunu bildirib.
Ancaq ümumilikdə əksər klub və cəmiyyətlərin məşqçilərinin fəaliyyətində nöqsanlar olduğunu, yetirmələrinin təlim-tərbiyələrinə və nizam-intizamlarına daha çox nəzarət etməli olduqlarını xüsusi qabardıb. O, gənc məşqçilərin üzərlərində daha çox işləməli olduqlarını qeyd edib və vurğulayıb ki, çempionatda özlərini ən yaxşı tərəfdən göstərən güləşçilər yığmanın tərkibində yer alacaq, onlara özlərini göstərmək şansı veriləcək.
Daha sonra AGF-nin İdman şöbəsinin müdiri Yaqub Məmmədov və qurumun digər vitse-prezidenti, olimpiya çempionu Namiq Abdullayev irad və təkliflərini mütəxəssislərin nəzərinə çatdırıb. İclas başa çatdıqdan sonra sabah startı veriləcək sərbəst güləş yarışının püşkatma mərasimi keçirilib.
Qeyd edək ki, dekabrın 5-də bütün 10 çəki (57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq) üzrə mübarizə başlayacaq və finalçılar müəyyənləşəcək. Ertəsi gün təsəlliverici və final qarşılaşmaları keçiriləcək.