"Şerif" qorxuludurmu?
- 20 Avq 2020 16:47
- 1891
Dünən axşam Çempionlar Liqasının I təsnifat mərhələsinə yekun vuruldu. Bizim üçün bu mərhələnin həyəcanı iki gün əvvəl başlamışdı. Çempionumuz “Qarabağ” Şimali Makedoniyadan gələn qonaqları, yəni “Sileks”i qəbul edirdi. Qonaqlarımızı “layiqincə” yola saldı və düşünmürəm ki, kimisə təəccübləndirdi. Bir halda ki, oyundan öncə rəqibin baş məşqçisi Qoran Simov “Qarabağ”ın böyük hesabla qələbə qazanacağını gözlədiklərini dilə gətirirdi, deməli, biz qonaqlarımızı çox da incitməmişik.
“Sileks”in “Qarabağ” üçün ciddi təhlükə yarada biləcəyini onsuz da gözləmirdik. Püşk də üzümüzə gülmüşdü və bir oyundan ibarət duelin Bakıda keçirilməsi işimizə yaramışdı. Düzdü, “Qarabağ” indiyə qədər daha çətin səfərlərə çıxıb. Madriddən, Kopenhagendən, Fransanın Sent-Etyen şəhərindən, Salonikidən sərfəli nəticələrlə dönməyi bacarıb. Belədə Şimali Makedoniyaya səfərin bizim üçün “qorxulu yuxu”ya çevriləcəyi də inandırıcı deyildi. Sadəcə, istənilən səfərin özünün maddi və mənəvi tərəfdən çətinlikləri var. Əvvəllər bu çətinliklər səfərin təşkili, yerli mühitə uyğunlaşmaq, yol yorğunlu ilə bağlı olurdusa, indi koronavirus pandemiyası da bu siyahıya əlavə olunub. Yola çıxarkən pandemiya ilə bağlı qadağaları gözə almalı, getdiyin yerdə qorxulu virusa yoluxmamaq üçün özünü qorumalısan. Püşkün səxavəti sayəsində bu maneələri də aşa bildik.
Artıq “Sileks”i unudub, “Şerif”i düşünməyə başlamışıq. Çünki II mərhələdə “Qarabağ”ın rəqibi məhz Moldova çempionudu.
“Şerif” də “Qarabağ” kimi son illər ölkəsində meydan sulayır, özünə rəqib tanımır. Təsadüfi deyil ki, “Şerif” son üç ildə 3-cü dəfə “Qarabağ”ın rəqibi kimi qarşımıza çıxır. 2017-ci ildə moldovanlar Çempionlar Liqasında rəqibimiz idisə, növbəti il Avropa Liqasının pley-off mərhələsində qarşılaşdıq. Roberto Bordinin rəhbərliyi ilə Bakıya gələn “Şerif”in müqavimətini ilk oyunda qıra bilməsək də, səfərdəki oyunda hər şey öz yerini tapdı və səviyyə fərqi özünü göstərdi. Məhz bu qələbə sayəsində “köhlən atlar” Çemionlar Liqasının pley-offuna vəsiqə qazanmaqla yeni bir tarix yazdı, paytaxtımızda o məşhur himni eşitmək imkanı qazandıq. Avropa Liqasındakı “duel”imizin ilki də bizim üçün çətin oldu. “Qarabağ” səfərdən 0:1 hesabıyla məğlub qayıtdı. Amma doğma meydanda qorxulu heç nə baş vermədi, 3:0 hesablı inamlı qələbə ilə yolumuza davam etdik.
Həmin vaxt yazdığım yazılardan birinin başlığını indiyə qədər xatırlayıram: “Şerif” qorxulu deyil, ondan qorxmayın”. Tarix dəyişsə də, “Şerif”lə bağlı mövqeyim dəyişməyib. Azərbaycanda beş ay futbol oynanılmasa da, “Qarabağ” normal hazırlıq keçməsə də, istənilən transferlər reallaşmasa da, indiki məqamda bizim üçün qorxulu heç nə yoxdu. “Qarabağ” yenə də “Şerif”dən güclüdü, buna şübhəniz olmasın. Tiraspol təmsilçisi “Qarabağ”ın yolunda əngələ çevriləcək gücdə deyil. Ötən mövsüm ölkəsinin çempionu olan heyətdən əksər futbolçular gedib. “Şerif”in Moldova çempionatının 8 turunda xal itirməməsi də göstərici sayıla bilməz. Siz bir komandaların adlarına baxın, “Neftçi”nin ötən il “Speranta”nın nə hala saldığını da unutmamışıq.
Deməli, qorxulu nəsə yoxdu. Sadəcə, yaxşı hazırlaşmalı və səviyyə fərqini meydanda göstərməliyik. Yola davam, “Qarabağ”!