“Səsimizi çıxaran kimi yanımızdadırlar” - Qurban Qurbanov
- 29 Sen 2024 22:13
- 160
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqasının 8-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis 3:2 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Futbolçularımı təbrik edirəm. Azarkeşlər üçün gərgin, maraqlı oyun oldu. Vacib qələbə qazandıq. Yaxşı, istəkli komandaya qarşı oynayırdıq. "Sabah"a uğurlar arzulayıram. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Sayları az olsa da, sanki stadion dolu idi.
Hər epizod dayanırdı. Bəlkə kənardan başqa cür görürdüm. Hakimə heç nəyi sübut edə bilmərik. Sonda oyunun tempi qalxdı. Epizodlar var idi, saxlaya bilərdi, saxlamadı. Oyunun tempini aşağı salırdılar, etirazımı bildirdim. O da sağolsun, durmadan sarı vərəqə verdi, qəhrəmanlıq göstərdi. Futbol emosional oyundur. Azarkeş futbola istirahətə gəlir. Biri məşqçinin, biri hakimin hərəkətinə baxır. Hərə bir şeydən ləzzət alır. Səsimizi çıxaran kimi yanımızdadırlar. Hamısının xətrini çox istəyirəm. Daha da böyüsünlər, yaxşı hakimlik etsinlər. Fərqi yoxdur, Qurban ya başqası. Bu cür epizodlara sarı, qırmızı verəcəksənsə, Qurban Qurbanov olaraq tərəfdarı deyiləm. Bizə qarşı sərt oynayırlar. Bəzən buraxmaq da olar. İrad bildirdim. İnanın ki, epizod oldu qarşımda, cərimə zərbəsi var idi, biz etmişdik, amma vermədi. Daha da maraqlı oldu. Cəzamı verdi. Hakimlərə qarşı həmişə pozitiv olmuşam. Sadəcə istəyirəm ki, meydandakı oyun daha dinamik olsun. Biz Avropa futbolundan danışırıqsa, o sürətə dözmək istəyiriksə, burada oyun durmalı deyil. Daha da aktiv olmaq lazımdır. Görsək ki, çox futbolçuya xəsarət yetiriləsi epizoddur, heç nə demərəm. Bəzən məşqçilər emosiyalarını saxlaya bilmir”.
Qurbanov Avropa Liqasında “Malmö”yə qarşı keçirəcəkləri oyuna da toxunub:
“Bu, bizə olan inamdan irəli gəlir. Bizim azarkeşlər üçün fərqi yoxdur rəqib "Tottenhem"dir, yoxsa "Malmö", qələbə istəyirlər. Bu, bizə həm motivasiya verir, həm də həyəcan. İstər-istəməz bizdən daha böyük nəticələr gözləyirlər. Futbolçularda həyəcan olur. Belə sıx qrafikdə onları optimal formada saxlamaq çox çətindir. Mən oynamıram, amma hələ özümə tam gəlməmişəm. Çox uzun, yorğun səfərimiz oldu. İnsan nə qədər yolda olar? 20 saat yolda olmuşuq. Bu da idmançının normal performansda qalması üçün böyük zərbədir. Motivasiya edəcəyik. Bəlkə başqa çatışmazlıqlarımız ola bilər. Böyük nəticə üçün çətinliklərə dözməliyik. Çalışacağıq ki, komandanı "Malmö" ilə oyuna hazırlayaq. Yaxşı oyunla, yaxşı nəticə istəyirik”.
“Qarabağ”ın çalışdırıcısı “Tottenhem”ə məğlubiyyətə də toxunub:
“Bilmirəm fikirlərimi nə cür çatdırım ki, düzgün qarşılansın. Nə olursa-olsun, bu çempionatdan çıxıb oralara getməlk bizə həyəcan verir. Ələlxüsus da, böyük beşlik ölkələrinə gedəndə. Həyəcan mütləq şəkildə olur. Futbolçuları motivasiya edirik ki, çəkinməli deyilik, rəqibin üzərinə getməliyik. Analiz etsək, bütün komponentlərdə onlar bizdən üstündür. İstər şəraitdə, istər məşqlərdə, istər meydançalarda. Londona hər saat yağış yağır, gün çıxır. Hər məşqi dinamik gedir, sərin havada məşq edirlər. Belə havalarda məşq etmək futbolçunun enerjisini və məşqin tempini sona qədər saxlayır. Meydançanı sulayıb məşq edəndə, 15 dəqiqə pauza verib, yenə sulayırıq. Xırda elementlər var. Şəraitdə onlar bizdən üstündürlər. Hər tərəfli bizdən üstündürlər. Amma gedirik onlara qarşı oynamağa çalışırıq. Həyəcan olacaq. Bəlkə də ustalıq deyək. Xətirlərinə dəyər futbolçuların. Amma qəbul etməliyik. Əgər onlar 3 epizoddan istifadə edirlərsə, biz beşindən birini etmiriksə, həyəcan və ustalıq səviyyəsi var. Burada futbolçular rahat oynayacaq, tanıdıqları rəqiblərdir. Ora başqa səviyyədir. Reallıq var.
Bu gün komanda sayını çoxaltmağa gücümüz yoxdursa, sponsor tapa bilmiriksə, danışmaqla düzələn deyil. Futbolu millətimizə sevdirməliyik. Ehtiram Quliyevə təşəkkür edirəm. İmkanı var, komanda yaradıb, nəsə Azərbaycan futboluna fayda vermək istəyir. Belə insanların sayı çox olmalıdır. Ya tələb olunmalıdır, ya da dövlət səviyyəsində nəsə olmalıdır. Nəsə desəm, düzgün çıxmaz. Qlobal məsələdir. Çox istəyərdim ki, çempionatda 16-18 komanda olsun. Komanda bir gün Bakıda, bir gün Lənkəranda, bir gün Zataqalada, Gəncədə oynasın. Onda futbolun başqa ləzzəti olacaq. Futbol daha çox seviləcək. Bakının içindəyik, 2-3 dəfə kənara çıxırıq. Bir də var, 15 səfərimiz olacaq. Futbolu hansısa yolla sevdirmək lazımdır. Bölgələrdə futbolu kütləviləşdirmək lazımdır. Yəqin ki, qarşıdakı illərdə düzələr. Özüm də üzgünəm, düşündüklərim həyata keçirə bilmirəm. Çox ağır söhbətdir. Ətrafında çox danışmaq olar. Ümid edək ki, yaxşı olacaq”.