Sevginin imitasiyası
- 11 Fev 2022 13:55
- 1393
İmitasiya bir şeyin saxtasını, onun oxşarını düzəltməyə deyilir. Çinli “zəhmətkeşlər” illərdi ki, bu cür işlərlə məşğuldu. Dünyaca məşhur hansısa markanın əmtəə nişanıyla bəzədilən bir geyim görürsən. Özü də münasib qiymətə. Yaxınlaşıb almaq istəyəndə məlum olur ki, məhsul orijinal deyil. Üstündəki marka isə gözəçarpmayacaq şəkildə dəyişdirilib, hansısa hərfin yazılışı fərqlidi. Bununla da istehsalçılar özlərini hüquqi məsuliyyətdən sığortalayırlar. Bəzən heç buna da ehtiyac da görmürlər. Nə əməyə hörmət edirlər, nə də illərdi özünü isbatlayan markanın dəyərinə. Hər şeyin saxtasını düzəldib, istehlakçıları aldatmaqla məşğul olurlar.
AFFA-nın Azərbaycan futbolunu sevməsi də eynilə çinlilərin dünya bazarının başına açdığı oyun kimidi. Fərid Qayıbov Gənclər və İdman naziri təyin olunan gündən AFFA-nın icraçı vitse-prezidenti, eyni zamanda da baş katibi Elxan Məmmədov Şah Abbas kimi libasını dəyişib, özünü yollara salıb. Hər rayonda bir süni örtüklü meydança tapıb uşaqlara içində nə olduğu bilinməyən çantalar paylayır, “CBC Sport”un kamerasına və fotoqraflara poza verirdi. Sonra çantalar bitdi, onların yerini kartondan hazırlanmış zənbillər tutdu. Deyəsən, kağız paketlər də bitib. Çünki Elxan Məmmədov xeyli vaxtdı Bakını tərk edib, rayonlara üz tutmur.
Onun rayonlara bu cür səfərləri əsl imitasiya idi. Azərbaycan futboluna olan sevginin imitasiyası. Bölgə futbolunu sevən, əyalətlərə səfər etmək üçün alışıb-yanan bir futbol rəsmisi nə üçün ötən 12-13 ildə bunu etmirdi və qəfildən başa düşdü ki, bölgələrə getmək lazımdı? Adam Qəbələdə keçirilən ölkə kubokunun finalına getmirdi. Lənkəranda futbol bayramına çevrilən “Böyük oyun”ların heç birində Elxan Məmmədovu görmək mümkün deyildi. Hətta, ona belə çağırış edən “Neftçi”nin o vaxtkı vitse-prezidenti Tahir Süleymanov ağır cərimələrə və stadionlara giriş cəzasına məruz qalmışdı. Belə çıxır ki, Süleymanov zamanında Elxan Məmmədovu haqq yoluna səsləyirmiş, amma AFFA rəsmisi bunu başa düşməyib. Bir vaxt ayılıb ki, Azərbaycan futbolunun ayağa qalxması üçün bölgələrdə futbol olmalıdı.
Yaxşı yadımdadı, bir vaxtlar birinci divizionda fırtına kimi əsən “Xəzər” komandası vardı. Bu komanda Antalyaya təlim-məşq toplanışına yollanmışdı. Hazırlıq görüşlərininin birində rəqib Avstriyada fəaliyyət göstərən “Qarabağ Vyana” olacaqdı. Azərbaycanlı futbolsevərlərin bu komandaya münasibəti əla idi. Bunu nəzərə alan “Xəzər” rəsmiləri qarşılaşmanın canlı yayımı üçün çalışdılar. Görüş Antalyanın mərkəzində yerləşən şəraitli stadiona təyin edildi. “CBC Sport” da görüşün yayımlanacağına ilkin razılıq vermişdi. Bütün bunları ona görə dəqiq bilirəm ki, həmin vaxt mən də Antalyada, görüşün keçiriləcəyi stadionda idim. Matçın başlamasına saatlar qalmış məlum oldu ki, “Qarabağ Vyana” ilə oyunun yayımına kimsə (?!) icazə verməyib.
Dünən təsadüfən gözüm sataşdı, AFFA-nın nəzarətindəki “CBC Sport” telekanalında Region Liqasına həsr olunmuş veriliş efirə verilir. Həmin veriliş zamanı Region Liqasının oyunlarından həvəskar kamera, yaxud da telefonla çəkildiyi məlum olmayan süjetlər efirə verilir, nəticələr barədə danışılır. Özlüyündə yaxşı haldı. Həvəskar futbolçuların özünü televizorda görməyin özü bir stimuldu. Amma bunu daha layiqli şəkildə, televiziyanın adına yaraşan şəkildə etmək olmazmı? Əlbəttə ki, olar. Sadəcə, bunun üçün bu işə sevgin, o işi görmək istəyin səmimi olmalıdı. Həvəsin ürəkdən gəlməlidi. AFFA da isə bu yoxdu. Adamlar üzərlərinə düşən işi belə başdansovdu görməyə vərdiş ediblər. Acı da olsa, həqiqət belədi.