Ötən dəfə yazanda ki, Belarusun abituriyentlərdən ibarət yığma komandası üzərində güc-bəla ilə qazanılan qələbəyə bu qədər sevinməyə ehtiyac yoxdu, məhz bu günü görüb yazmışdım. Bu matçlar yoxlama matçlarıdı, burda məşqçi əlinin altındakı ehtiyat qüvvəni sınaqdan keçirir, müxtəlif taktiki gedişləri yoxlayır, müəyyən strateji planların ilk və ya növbəti addımlarını atır. Bir sözlə, nəticə vacib deyil. Yoxlama matçında Almaniyanı  udmağınla Vatikana uduzmağın arasında elə bir fərq yoxdu. Əsas ortaya qoyulan performansdı. Ona görə də Belarus üzərində qələbəni qalaktika çempionu olurmuş kimi qeyd etmək, "dəstəkçi qüvvələr"in bəzək-düzəyinə ovunmaq yox, normal qarşılamaq, səhvlərdən nəticə çıxarmaq, onları moldovanlarla qarşılaşmada təkrarlamamaq lazım idi.

 

Bu, işin bir tərəfi.

 

Digər tərəfi odu ki, milli toplanışdakı 270 dəqiqənin cəmi 65 dəqiqəsində futbol oynadı. Türkiyə ilə ilk 30, Belarusla son 20 dəqiqə, bir də bu gün 65-80-ci dəqiqələr arasındakı 15 dəqiqə. Qalan 205 dəqiqədə, yəni matçların təxminən 75 faizində biz zəif, ortaya heç nə qoymayan tərəf olmuşuq. Bu haqda ciddi düşünmək lazımdı. Qapıda problemlərimiz var, "Şah" normal qayıtmasa, rəsmi matçlarda mitilimizə döyəcəklər. Müdafiədə boşluqlar verir, adi epizodlarda qol buraxırıq, hətta mübarizəyə qoşulmaqda gecikirik də. Nisbətən yarımmüdafiə və hücumda (seçim bir az çox olduğundan) cüzi tərpəniş var, o da gələcəyə ümidlə baxmağa imkan vermir. Moldovanın qapısına yol tapa bilməyən yığma Lüksemburqa da heç nə edə bilməz.

 

Yəni bir sözlə, köhnə hamam, köhnə tas. Nə dəst-xətt var, nə yeni oyun tərzi, nə də başqa bir şey.

 

Allah köməyimiz olsun, möhkəm səbr və "zapasnoy" ürək versin, infarktları ona yükləyək ki, ölməyək.

 

Kənan Məstəliyev