Azərbaycan millisinin və “Dinamo”nun (Moskva) futbolçusu Ramil Şeydayev klubunu tərk edə bilər.

Rekord.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu, qış fasiləsində Moskva klubu ilə yollarını ayıracaq. Buna səbəb, futbolçunun “Dinamo”da kifayət qədər oynamaq şansı qazanmamasıdı.

Ramil Şeydayev cari mövsümdə “Dinamo”nun heyətində keçirdiyi 8 oyunda qol hesabını aça bilməyib.

Yay transfer pəncərəsi dövründə Rusiya təmsilçisinə transfer olunan futbolçunun klubla müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub.