"Şeydayevə görə baş məşqçi ilə mübahisəmiz düşdü"
- 07 Fev 2020 17:00
- 790
“Azad agent olan Şeydayevi komandaya götürdük. Həmin vaxt başqa variantımız yox idi".
Rekord.az xəbər verir ki, bu sözləri "Dinamo"nun (Moskva) sabiq məşqçisi Yuri Nikoforov "Sport-Ekspress"ə müsahibəsində deyib.
Yığmamızın hücumçusu Ramil Şeydayevin paytaxt klubundakı çıxışından danışan 50 yaşlı mütəxəssis futbolçuya kifayət qədər şans verildiyini, ancaq özünü doğrulda bilmədiyini qeyd edib: "Ramilin şikayətlənməsi günah olardı. İlk 3 turda müntəzəm olaraq meydana çıxdı. Çox çalışsa da, heç cür qol vura bilmədi. Fikrimcə, buna ustalığı çatmadı. Bəli, Rusiyanın gənclər yığmasında və "Zenit-2"də bombardirlər sırasında idi. Amma "Dinamo" başqa səviyyədir".
Nikiforov Şeydayevə görə baş məşqçi Dmitri Xoxlovla mübahisə etdiyini də bildirib: "Bizim "Ural"la oyunumuzdan əvvəl hücuma Vyaçeslav Qrulyovu buraxmağı təklif etdim. Lakin Dmitri Valeryeviç "Mən hesab edirəm ki, Şeydayev oynamalıdır" cavabını verdi. Uzun müddət diskussiya etdik, hərə öz əsaslandırmasını etdi. Onu inandıra bilmədim. Belə məsələlərdə son söz hər zaman baş məşqçinin olur. Növbəti gün Xoxlova dedim: "Sən haqlısan". "Dinamo" 2:0 hesabı ilə qalib gəldi. Şeydayev isə xeyli "qara iş" gördü, ikinci qolu yaratdı. Topu cərimə meydançasınadək daşıdı və məhsuldar ötürmə verdi".
Qeyd edək ki, Ramil Şeydayev "Dinamo"da 2019/2020 mövsümünün ilk yarısında çıxış edib. O, hazırda klubsuzdur.