Azərbaycan Badminton Federasiyası ilə Dünya Badminton Federasiyasının (BWF) birgə əməkdaşlığı çərçivəsində Naxçıvan Muxtar Respublikasında ilk dəfə “Shuttle Time for kids” proqramı həyata keçirilib.

Rekord.az xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən təlimlərdə 2009 və daha kiçik təvəllüdlü uşaqlara məşqçilər Ürfan Rzabəyli, Nihadə Həsənova və Kərim Musayev tərəfindən ilk olaraq badmintonun qaydaları izah olunub,sonra məşqlərə start verilib.

2 gün ərzində ümumilikdə 80 uşağa badmintonun nəzəri və praktiki bilikləri aşılanıb. Master-klasslarda Naxçıvan şəhəri ilə yanaşı Culfa, Şərur, Şahbuz və Kəngərli rayonlarından olan uşaqlar badmintonun sirlərinə yiyələnib.
Layihə Qax şəhərində də beynəlxalq sertifikata malik məşqçilər tərəfindən həyata keçirilib. 
İnteraktiv və əyləncəli badminton oyunlarının keçirildiyi tədbirin sonunda iştirakçılara badminton ləvazimatları hədiyyə edilib. 
Qeyd edək ki, “Shuttle Time” layihəsi Dünya Badminton Federasiyası (BWF), Avropa Badminton Konfederasiyası (BEC), Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə icra olunur.
Bu günə qədər Bakı, Sumqayıt, Qusar, Lənkəran, Gəncədə baş tutan layihə Şamaxı, Tovuz və Sabirabad rayonlarında da davam etdiriləcək.