Silvio Berluskoni-futboldankənar həyat YAZI + FOTOLAR
- 03 Apr 2020 18:00
- 836
O yazıçı deyil, istedadlı şair, gözəl tablolar yaradan rəssam, virtioz musiqiçi də deyil. Dünyanı, heç olmasa öz ölkəsini heyrətləndirə bilən idmançı, yaxud elm adamı da deyil. Ona tutduğu yüksək vəzifədə ölkəsinin sıçrayışla inkişafına səbəb olan dövlət adamı kimi qiymət vermək də həqiqətdən uzaq görünər. Amma bütün bunların əvəzinə sadəcə olaraq onun həyatın dərslərindən, ən azı yaranmış situasiyadan yaxşı baş çıxarmaq qabiliyyəti, bir də çox zaman yanında qərar tutan şansı var. Elə bu üzdən də həyat nə vaxtsa özünün belə ağlına gəlməyən yerlərədək onu çəkib apardı, ona populyarlıq qazandırdı, ən müxtəlif qalmaqalların içərisinə saldı, həm də böyük sərvət, imtiyaz, vəzifə sahibi elədi. Onu nəinki öz ölkəsində, hətta bütün dünyada tanımayan yoxdur. Hər kəs şəklini belə görsə onun adını çəkə, ölkəsinin hara olduğunu söyləyə bilər. Elə biz də onun haqqında az eşitməmişik. SİLVİO BERLUSKONİ haqqında. “Milan”ın sabi prezidenti, İtaliyanın sabiq baş naziri.
HƏYATININ BAŞLANĞICI
Silvio Berluskoni 1936-cı il sentyabrın 29-da İtaliyanın Milan şəhərində bank məmurunun ailəsində dünyaya gəldi. Silvio həmyaşıdları kimi şəhərdəki məktəbə getdi, oranı bitirdikdən sonra - 1955-ci ildə Milan Universitetinin tətbiqi hüquqşünaslıq fakültəsinə qəbul olundu. Və təhsil illərində çoxlarını təəccübləndirdi. Çünki bir qədər emosional Silvio 1961-ci ildə universiteti əla qiymətlərlə başa vurdu. Onun həmin illərdəki dostları danışırlar ki, Silvio rudan düşmür, ətrafdakıların diqqətini cəlb etməyi yaxşı bacarırdı. Hüquqşünas ixtisasına yiyələnsə də o, fərqli sahədə əmək fəaliyyətinə başladı. Belə ki, təhsili başa vurduqdan sonra dərhal işləməyə qərar verən Silvio tikinti sənayesində fəaliyyətə başladı. Və öncəgörənlik etməli olsaq, deyə bilərik ki, bu sahədə o, 20 il çalışdı, işgüzar bir adama çevrildi.
1962-ci ildə Silvio özünün ilk binasını tikib başa çatdırdı. Və bu sahənin ona xeyli gəlir gətirdiyini gördü. Bu onu daha böyük işlər görməyə sövq etdi. Elə buna görə də iki il sonra başlatdığı ""Milan-2" mikrorayondakı tikintiləri elə həmin ildə başa çatdırdı. Və bu uğurları onu iş dünyasında tanıtmaqla yanaşı, həm də Berluskoniyə böyük gəlirlər gətirdi. İşini böyütməliydi. Çünki indi ona yalnız tikinti işləri də kifayət etməyəcəkdi. Çox çəkmədi ki, Silvio Berluskoni yeni bir sahəyə də girişdi. O, hiss etmişdi ki, telekommunikasiya sektorunda uğur qazanmaq üçün imkanları var. Elə buna görə də 1970-ci illərdə bu sahədə fəaliyyətə başladı. İlk vaxtlar burada gözəçarpacaq uğurlar qazanmasa da sonradan Silvionun zəhməti və səbri bəhrə verməyə başladı. 1980-cı illərdə həmin dövr üçün İtaliyada çox da asan iş sayılmayan televiziya kanallar şəbəkəsi - "Canale 5" açmağa nail oldu. Özü də bu telekanalı İtaliyada ilk milli kommersiya telekanalı hesab etmək mümkündür. Telekommunikasiya sistemində yeniliklərə qol qoyan bu iş çox tezliklə teletamaşaçılar arasında populyarlıq qazandı. Ölkədə onun haqqında danışanlar artdı.
HOLDİNQ SAHİBİ
Bütün bu işlərin onun həyatında önəmli rol oynadığını görən çoxbilmiş Berluskoni bu sahədəki fəaliyyətini daha da böyütməyə səy göstərdi və qısa zamanda qarşısına qoyduğu məqsədə nail oldu. Beləliklə 1982-ci ildə o daha iki telekanal aşmağa müvəffəq oldu: Raskonidən yayımlanan "İtalia 1" və Mondadoridən yayımlanan Retequatro. Buradakı müvəffəqiyyətləri yavaş-yavaş onu İtaliyanın elektron mediasının bosslarından birinə çevirməkdəydi. Berluskoni telekanallar sahəsindəki işlərilə kifayətlənəcək bir adam deyildi. Elə həmin ilin sonlarında Silvio aparıcı Mondadori İtaliya Nəşriyyat Evi yaratmağa müvəffəq oldu. Amma bunlar da onun üçün son deyildi. Berluskoni daha bir neçə əlavə şirkət quraraq nəhəng "Fininvest holdinq company" holdinqini yaratdı. Fransada qurduğu "La Chinq"ı, Almaniyadakı "Telefunt", İspaniyada "Telechinco" telekanallarının da bu holdinqə aid olduğunu nəzərə alsaq demək olar ki, həmin illər üçün bu biznes qurumu nəinki İtaliyanın, hətta Avropanın nəhənglərindən hesab olunurdu.
Amma Silvio Berluskoninin maraq dairələri daha da genişlənməkdəydi. O artıq idman sahəsində də özünü sınamağı qərara almışdı. Bu qərardan çox qısa zaman sonra - 1986-cı ildə Silvio artıq İtaliyanın ən məşhur futbol klublarından biri hesab olunan "Milan"-ın prezidenti idi. Qeyd edək ki, klub həmin vaxtlarda maliyyə böhranı keçirdiyindən onun mövcudluğu böyük sual qarşısındaydı. Amma Berluskoninin sehirli işgüzarlığı klubu qısa zaman içərisində dirçəltdi və "Milan" bundan üç il sonra çempionlar kubokunu aldı. Klub böyük gəlirlər əldə etməyə başladı. Məhz bu uğurdan sonra Silvio Berluskoninin şöhrəti sürətlə artmağa başladı. Əksər italyanlarda bu adamın uğur adamı olduğuna inamı formalaşdı. İndi onun haqqında sıradan olan italyan vətəndaşları da məhəbbətlə danışırdılar. Və bütün bunları dəqiqliklə hesablamağı bacaran Silvio Berluskoni biznesi tərk edib siyasətlə məşğul olmaq qərarına gəldi və bunun üçün tərəddüd etmədən hərəkətə keçdi.
SİYASƏT ALƏMİNƏ GƏLİŞİ
O, "İrəli İtaliya" adlı yeni bir siyasi hərəkat yaratdı, ardınca da onu siyasi partiyaya çevirdi. Və burada da məqamında lazım olan addımları atmağı bacaran Berluskoni uğurlar əldə edərək 1994-cü illərdəki seçkilərdə başqalarından çox səs toplayaraq İtaliyanın baş naziri vəzifəsinə gəldi. Beləliklə adi bir bank məmuru ailəsində dünyaya gələn Silvio hökumətin ən yüksək kreslosunda oturmağı bacardı. Lakin onun gəlişindən sonra da İtaliyanın iqtisadi-sosial durumunda elə də böyük irəliləyişlər gözə çarpmadı. Berluskoni də, belə demək mümkünsə, sələflərindən çox irəli gedə bilmədi. Hətta onun haqqında yaranmaqda olan illüziyalar tədricən əriməyə, azalmağa başladı. Bu məsələdə onun keçmişdəki müəmmalı uğurlarının araşdırılması da böyük rol oynadı. Belə ki, baş nazir seçildikdən bir neçə ay sonra korrupsiya məsələlərindən ötrü prokurorluqdan ona nə az, nə çox, 6 çağırış gəldi və ona qarşı ciddi rüşvət iddiaları irəli sürüldü.
Bununla yanaşı, bir neçə dəfə Silvionun müxtəlif qadınlarla yaşadığı romanlar, mətbuata çıxan bir sıra utancverici fotolar da çox böyük qalmaqalların yaşanmasına səbəb olub. Ailə münaqişələri də italyan mətbuatının gündəlik mövzusuna çevrildi. Hətta bir müddət öncə arvadı ilə yaşadığı kəskin ailə münaqişəsi dünya ictimaiyyətinin yəqin ki, yadındadır. Cəmiyyətdə onun mafia adamı olduğunu iddia edənlər də az deyil. Başı ən müxtəlif qalmaqallarda olan Silvio bir neçə ay öncə vətəndaşlardan birinin hücumuna tuş gəldi və kameralar qarşısında ağzı-burnu qana bulandırıldı.
İtaliya kimi bir Avropa ölkəsində bu və ya digər skandalları qapatmaq elə də asan məsələ deyildi. Necə deyərlər "dəyirmanın boğazına ölü düşüb, oradan diri çıxmağı bacaran" Berluskoni baş nazir seçildiyi həmin ildə vəzifəsindən istefaya getmək məcburiyyətində qaldı. Heç şübhəsiz ki, burada onun siyasi və biznes rəqiblərinin də əməyi az deyildi və o, adını təmizə çıxarmaq üçün uzun illər məhkəmə çəkişmələrinə baş vurmalı oldu. Belə ki, 1999-2000-ci illər Silvio Berluskoni iqtisadi cinayətlərdə suçlu bilinərək bir neçə dəfə məhkəmə qarşısında dayanmalı oldu. Bu uzun sürən, üzücü məhkəmə davalarında o, tam şəkildə bəraət almağa müvəffəq oldu. Bu da o demək idi ki, siyasi karyerada onun yolu yenidən açılırdı. 2001-ci ildə Silvio Berluskoni yenidən İtaliyanın baş naziri postuna qayıda bildi. Və beş il bu vəzifədə çalışdı. Amma sınaqlar onu heç də tərk etməmişdi. İtaliyanın iqtisadi-sosial həyatında ciddi dəyişikliklərə nail olmayan Berluskoninin populyarlığı yenidən sürətlə aşağı düşməyə başladı və 2006-cı ildə keçirilən seçkilərdə sol-mərkəzçi müxalifət partiyası onların üzərində qələbə qazanaraq hakimiyyətə gəldi, Beluskoni kreslosunu tərk etdi. Amma asanlıqla təslim olmağı sevməyən Silvio məğlubiyyəti ilə sakitcə barışmadı. İlk olaraq o öz partiyasından Avroparlamentə deputat seçildi. Belə demək mümkünsə, o qayıtmaq üçün getmişdi, geri qayıtdı da. Romano Prodi hökumətinin hakimiyyətdən getməsindən sonra Berluskoni yenidən seçkiyə qatıldı. Və nəticədə 2008-ci il, mayın 8-də o, 21 naziri ilə birlikdə İtaliya Respublikasına sədaqətləri haqda and içdi.
ƏN VARLI SİYASƏTÇİ
Həyatının ilk yarısında sırf biznes adamı, işgüzar şəxs olan Silvio siyasi karyera qazanmaqda da şanslı idi. Və bəlkə də çoxları təəccüblənər, biznes imperiyası yaratmış bu şəxs həm də gözəl natiqlik bacarığına malikdir. Onu dinləyənlərə təsir etmək qabliyyəti var. Berluskoni ingilis və fransız dillərində yaxşı danışmağı da bacarır. O həm də "Əmək nailiyyətləri" ordeni, "İtaliya Respublikası qarşısında xidmətlərə görə" Böyük Xaç kavaleri ordeni sahibidir. Onun həyatını təhqiq edənlərin yazdıqlarına əsaslansaq Berluskoni İtaliyanın ən varlı siyasi lideridir. Onun özünün gəlir vergisi ilə bağlı 2006-ci il üçün parlamentə təqdim etdiyi deklorasiyadakı rəqəm diqqətçəkici idi: 139 milyon 245 min 570 avro.
Berluskoni sənədlərə görə iki dəfə nigaha girib. Onun ilk nigahdan iki, ikinci nigahdan üç övladı var. Və bu övladlarının bir neçəsi onun biznes imperiyasını idarə etməkdədir. Kifayət qədər yaşının olmasına baxmayaraq Silvio Berluskoni siyasətdən çəkilməyi düşünmür. Belə deyirlər ki, ümumiyyətlə uşaqları biznesi idarə etsələr də ümumi nəzarəti yenə o öz əlində saxlayır.