Siqaret çəkməkdə ittiham olunan milli üzvünün atası: "Hələ də özümə gələ bilmirəm"
- 26 Okt 2019 15:00
- 1059
"Mənim oğlum 8 yaşından futbola gedir və bir dəfə də siqaret çəkməyib".
Rekord.az xəbər verir ki. bu sözləri sportinfo.az-a açıqlamasında U-19 yığmasının kapitanı Turan Vəlizadənin atası Nəsimi Vəlizadə deyib.
Bu gün redaksiyamızla əlaqə saxlayan futbolçunun valideyni oğlunun heç bir zərərli vərdişə qurşanmadığını bildirib: "Turan nizam-intizamıyla həmişə örnək olub. Biz ona çox böyük ümidlər bəsləyirik. İstəyirik ki, yaxşı futbol oynasın, tanınsın, milliyə faydası olsun. Mən bu məlumatı oxuyandan sonra çox pis oldum. Hələ də özümə gələ bilmirəm. Turanın özündən də bu haqda soruşdum, dedi ki, mənim heç nədən xəbərim yoxdur. Millinin Çexiya səfəri zamanı hansı futbolçuların siqaret çəkməsindən o da məlumatsızdır. Amma bu, 100 faiz dəqiqdir ki, siqaret çəkən dörd futbolçunun arasında mənim oğlum olmayıb. Turan işinə çox məsuliyyətlidir. Bir məşqçi deyə bilməz ki, o, məşqə 1 dəqiqə gecikib. Rejiminə fikir verir. Bunu "Qarabağ"da oğlumun baş məşqçisi olmuş Rəşad Sadıqovdan da soruşa bidərsiz, Samir Əliyevdən də, başqalarından da. Kimdən maraqlansaz, Turanın tərbiyəsi, nizam-intizamı, özünü aparması, oynadığı futbol haqda müsbət fikirlər söyləyəcək. Bilirsiz ki, Turan ötən mövsüm "Qarabağ"dan "Neftçi"yə keçib. Bu gün "Neftçi"dən mənimlə əlaqə saxlayıb dedilər ki, AFFA-dan öyrəniblər, cəzalanan futbolçular arasında mənim oğlumun adı yoxdur".