Sissi Rayt, Patrisiya Qonzales və Siyasət Əsgərov
- 20 Fev 2021 10:37
- 2235
Azərbaycanın qadınlardan ibarət futbol yığması İspaniyaya 0:13 hesabıyla məğlub olub. Məlum məsələdi ki, Azərbaycanda heç kişilər düz-əməlli futbol oynaya bilmirlər. Belə olan halda bu qəhrəmanlığı qadınlardan tələb etmək ədalətsizlikdi. Xalqımızı qəzəbləndirən, onları qızlarımızı tənqid etməyə vadar edən bizimkilərin uduzması yox, hesabın belə biabırçı olmasıdı. Bir müddət əvvəl qazaxıstanlı qızlar Fransaya 0:10 hesabıyla uduzmuşdular. Həmin vaxt Qazaxıstanın qapıçısının söyüş söyməsi xeyli müzakirələrə səbəb olmuş, sosial şəbəkələrdə trendə çevrilmişdi. Biz də baxıb, əylənmişdik. Hardan biləydik ki, qarşıda bizi daha betəri gözləyir. Yaxşı ki, bizim qapıçımız Aytac Şərifova buraxdığı 13 qola rəğmən əsəblərini cilovlamağı, ağzından söyüş çıxarmamağı bacarıb. Böyük hünərdi.
Millimizin formasını geyinənlərin boy-buxununa, meydandakı davranışlarına baxın. Heç deməzsiz ki, bu qızlar peşəkar idmanla məşğul olub, futbol oynamağın sirrini məşqçilərdən öyrəniblər. Mən heç kimi fiziki göstəricilərinə, zahiri görünüşünə görə qınamaq fikrində deyiləm. Özümün də artıq çəkim var və heç cür ondan qurtula bilmirəm. Amma mənə desələr ki, gəl bu boy-buxunla milli komandanın qapısını qoru, imtina edərəm. Bilərəm ki, bacardığım iş deyil, həm də məni bu görkəmdə meydanda görənlər futbolçu olmağıma inanmazlar. Özü də problem təkcə artıq çəkidə, yaxud da qısa boyda deyil. Bizim qızların adi top saxlamaq, hava topunu qarşılamaq, rəqibə mane olmaq vərdişləri də yoxdu. İspanlarla oyunun videoicmalına baxın, vəziyyətin necə acınacaqlı olduğunu özünüz də görəcəksiz.
Amma günah o binəva qızlarda deyil. Azərbaycanda zorla qadın futbolu yaratmaq istəyənlərdə, qızlarımızı meydanda əzdirənlərdədi. AFFA-nın düzgün konsepsiyasının olmamasına, futbolun inkişafı şəxsi mənafelərin kölgəsində qaldığına görə xərclənən milyonların qarşılığı qapımıza vurulan 13 qol olur. AFFA-nın o vaxtkı baş katibi, indi həm də vitse-prezidenti olan Elxan Məmmədov 2012-ci ilin avqustundan belə deyirdi: “20 ay bundan qabaq yaradılan və deməyə qorxmaram ki, oynaya bilməyən komanda bu gün MDB-nin 15 respublikası arasında ən güclüsüdür. Biz MDB ölkələrindən Ukrayna, Gürcüstan, Belarus, Moldova, Latviya yığmalarını məğlub edirik, Rusiya ilə heç-heçə oynamışıq. Artıq qonşu komandalar Azərbaycana ciddi rəqabət göstərə bilmir”. Həmin vaxt Azərbaycana Almaniyadan Sissi Rayt adlı bir qadın məşqçini gətirmişdilər. Sissi xanım həmyerlisi Berti Foqts kimi bizim hesabımıza varlandı, sonra da təqaüdçü həyatını yaşamaq üçün ölkəsinə qayıtdı.
Təqaüd yaşına çatan alman Raytı gənc və yaraşıqlı ispan xanım Patrisiya Qonzales əvəz etdi. O da üç il bizim qonaqpərvərliyimizdən, səxavətimizdən yararlandı və “böyük nailiyyətlər qazanmağa qadirəm. Elit-raunddan sonra bunu bir daha anladım. Artıq yeni yola çıxmağın və getməyin vaxtıdır” deyərək Azərbaycanı tərk etdi. Əcnəbi xanımların səfasını çəkdiyi Azərbaycanın qadın futbolunun cəfası öz həmyerlimizə, Siyasət Əsgərova qalıb. İspanlarla oyundan əvvəl “meydan düz, top yumrudu, bilmək olmaz qol hansı qapıya vurulacaq” deyən Əsgərov 0:13-dən sonra siyasəti dəyişib. “Utanıram, üzr istəyiəm, AFFA məni istefaya göndərsə, razılaşacam” sözləri millimizin baş məşqçisinin müsahibəsində oxuduqlarımızdı.
Getməyə tələsmə, ay Siyasət bəy. Onsuz da heç nə dəyişməyəcək. Nə qədər imkan var, maaşını al, gününü yola ver. AFFA-da oturanlar da belə edir...