Siyəzən Gənclər Evində “Heydər Əliyev İli”nə həsr olunmuş 14 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə Siyəzən rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı keçirilən yarışda 38 yeniyetmə şahmatçı mübarizə aparıb.

Yarış Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının gənclər arasında təbliği, yeniyetmələrin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi, şahmat idman növünün inkişaf etdirilməsi, şahmat oyununun yeniyetmələr arasında təbliği və kütləviliyinə nail olunması, və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb.

2 gün davam edən yarışın nəticəsinə əsasən oğlanlar arasında Siyəzən şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Yavər Adayev I, Siyəzən şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Səid Kərəmov II və Siyəzən şəhər 6 nömrəli tam orta məktəb-liseyin şagirdi Cahid Allahverdiyev III olub. Qızların yarışında Siyəzən şəhər 3 saylı tam orta məktəbin şagirdləri Həsənova Qızılgül və Hüseynova Soltanxanım I və III yeri bölüşüblər. Siyəzən şəhər 1 saylı tam orta məktəbin şagirdi Məmmədli Ruqəyyə isə II yeri tutub.