5 Mart Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə 14 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə Siyəzən rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, 2-3 mart tarixlərdə Gənclər Evində “İdman həftəsi” çərçivəsində Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan yarışda 50 yeniyetmə şahmatçı iştirak edib.

Yarış yeniyetmələrin şahmata marağının artırılması, şahmat idman növünün kütləviliyinə nail olunması, həmçinin yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi daşıyıb. 2 gün davam edən yarışın nəticəsinə əsasən oğlanlar arasında şəhər 2 saylı tam orta məktəbin şagirdi Muhamməd Paşazadə I, şəhər 6 saylı məktəb-liseyin şagirdləri Amid Allahverdiyev və Cahid Allahverdiyev isə müvafiq olaraq II və III olub. Qızların yarışında şəhər 3 saylı tam orta məktəbin şagirdləri Qızılgül Həsənova I, Leyla Əsgərova II, Fidan Zərbəliyeva III yeri tutub.

Sonda I, II və III yerləri qazanan yeniyetmə şahmatçılara Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və medallar təqdim olunub.