Martın 10-da Dövlət Sərhəd Xidmətinin Siyəzən Sərhəd Dəstəsinin, Gənclər və İdman İdarəsinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən sektorunun birgə təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin X sinif şagirdləri arasında "Sərhəd" hərbi-idman oyunu üzrə respublika birinciliyinin rayon mərhələsi keçirilib.

Rekord.az xəbər verir ki, gənclərin hərbi vətənpərvərlik və dövlət sərhədlərinə hörmət ruhunda tərbiyə olunması, onların hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi, hərbi-idman oyunlarına və sərhədçi peşəsinə maraqlarının artırılması məqsədi daşıyan yarışda rayon tam orta məktəblərinin 9 komandası iştirak edib.

Hərbi-idman oyununun açılış mərasimində dövlət himni səsləndirilərək Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə çıxış edənlər oyunun məqsədi və qaydaları barədə gənc sərhədçilərə məlumat veriblər. Yarış ərzində

komandalar sıra hazırlığı, avtomatın sökülüb yığılması, kəndirin dartılması, yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, ləpirçilik və digər mərhələlər üzrə öz qüvvələrini sınayıblar. Yekun nəticəyə əsasən şəhər 1 saylı tam orta məktəbin komandası I, Böyük Həmyə kənd tam orta məktəbin komandası II, şəhər 2 saylı tam orta məktəbin komandası isə III olub. Əsas və müxtəlif nominasiyalar üzrə yer tutan komandalar sonda təşkilatçılar tərəfindən fəxri fərmanlarla təltif ediliblər. l yerə çıxan şəhər 1 saylı tam orta məktəbin komandası "Sərhəd" hərbi-idman oyunu üzrə respublika birinciliyinin zona mərhələsində rayonu təmsil etmək hüququ qazanıb.