SOCAR Gürcüstanda idman sarayı tikdirir
- 22 Okt 2020 15:48
- 786
Dünən Gürcüstanın Kvemo Kartli bölgəsinin Marneuli bələdiyyəsindəki Qızılhacılı kəndində "SOCAR Energy Georgia” şirkəti tərəfindən inşa etdiriləcək idman kompleksinin təməlqoyma mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Kvemo Kartlinin qubernatoru Şota Rexviaşvili, Marneuli şəhərinin bələdiyyə başçısı Zaur Darğalı və digər rəsmi şəxslər iştirak ediblər.
Xeyriyyəçilik layihələr çərçivəsində inşa olunaraq Gürcüstan dövlətinə və əhaliyə təmənnasız təhvil veriləcək idman kompleksi basketbol, həndbol, voleybol, mini-futbol, müxtəlif güləş növləri üzrə yarış və məşğələlər keçirmək üçün tamaşaçı tribunasının da nəzərdə tutulduğu qapalı idman meydançasından ibarət olacaq.
Ümumi sahəsi 1 157 kvadratmetr olacaq idman kompleksinin birinci mərtəbəsində, həmçinin həkim kabineti, sanitariya qovşaqları, soyunub-geyinmə və duş otaqları, ikinci mərtəbəsində isə inzibati və anbar otaqları yerləşəcək.