“Son bir neçə turda itirdiyimiz xallardan kino çəkmək olar” – Renduliç
- 09 Noy 2024 22:28
- 73
“Sabah” Azərbaycan Premyer Liqasının 13-cü turunda bu gün “Kəpəz”i qəbul edib.
Rekord.az xəbər verir ki, 2:2 hesabı ilə başa çatan matçdan sonra Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliçin mətbuat konfransı keçirilib. Xorvatiyalı çalışdırıcı son oyunlarda uzatma dəqiqələrində buraxdıqları qolların fiziki durumla bağlı olmadığını bildirib:
“Oyunu böyük bir səhvlə başladıq və qol buraxdıq. Oyunun əvvəlində buraxdığımız qolla matça 0:1 geridə başlamaq çətindir. Amma sonradan oyunu bərabərləşdirib qol vurduq. Vurduğumuz qol anında demək olar ki, bəxtimiz gətirdi.
İkinci hissəyə yaxşı başladıq və oyuna nəzarət etdik. 2-3 yaxşı şansımız oldu ki, oyunu öz xeyrimizə çevirib qələbə qazanaq. Amma bu alınmadı. Oyunçularımın yanaşmasına, döyüşməsinə, mübarizə aparamasına görə onlara heç nə deyə bilmərəm. Amma iki böyük səhv buraxdıq və rəqib də bunlardan yararlandı.
“Zirə” ilə matçda da uzatma dəqiqələrdə qol buraxdıq. Bu, fiziki durumla bağlı deyil. Çünki gülməli olardı ki, hər dəfə son dəqiqələrdə buraxdığımız qolları fiziki güclə bağlayaq. Elə düşünmürəm. Bu, futboldur. Bəzən elə olur ki, təkbətək epizodlardan yararlana bilmirik.
Rəqiblərimizə yuxarıdan aşağı baxmırıq. Bunun heç bir əlaqəsi yoxdur. Bu, futboldur. Hər bir şey ola bilər. Son bir neçə turda itirdiyimiz xallardan kino çəkmək olar. Çünkü hər dəfə oyunu üstün keçirən tərəf biz oluruq, amma sonda xallar itiririk”.