Son dünya çempionu Türkiyənin istefaya göndərdiyi baş məşqçi ilə razılığa gəldi
- 28 Dek 2022 15:37
- 470
Serbiyanın qadın voleybolçulardan ibarət yığmasının yeni baş məşqçisinin kimliyi bəlli olub. "Rekord.az" xəbər verir ki, Serbiya ilə son dünya birinciliyində çempionluq qazanmış Daniele Santarellinin Türkiyəyə getməsindən sonra bu posta kimin gələcəyini ehtimal etmək çətin deyildi.
Belə ki, voleybol mütəxəssislərinin və azarkeşlərin gözlədiyi kimi, bir müddət əvvəl Türkiyə millisindən kənarlaşdırılan digər bir italyan Covanni Quidetti həmvətənini bu postda əvəzləyib. Bu il iştirak etdiyi Millətlər Liqasında (VNL) və dünya çempionatında gözlənilən nəticəni əldə edə bilməyən Türkiyədə Quidettinin istefasını istəyənlərin sayı artdığından federasiya müqaviləyə xitam vermişdi. Türkiyə Voleybol Federasiyasının rəhbərliyi Santarellini yığmanın başına gətirdiyini rəsmən açıqladıqdan sonra Serbiyadan da əks həmlə gəldi və Quidetti yığmanın yeni baş məşqçisi təyin edildi.
Bəzi fikirlərə görə isə bu işlər əvvəldən düşünülmüş plan üzrə gedib. Belə ki, Quidetti və Santarellinin qarşılıqlı şəkildə yerlərini dəyişmək barədə öz aralarında razılığıa gəldikləri deyilir. Quidettinin artıq Türkiyə millisində nüfuzunun azalması, Avropa və dünya çempionluğu qazanmaq istəyinin olması, eləcə də Santarellinin Serbiyada illik maaşının 50 min avro olduğu halda, Türkiyə tərəfinin ona illik 200 min avro təklif etməsi bu faktı təsdiqləyir. Bu qarşılıqlı dəyişmə ikili arasında ilk deyil. Belə ki, bu mövsüm başlamazdan əvvəl Türkiyənin "Vakıfbank" klubunun çalışdırıcısı Quidetti ilə İtaliyanın "Conegliano" klubunun baş məşqçisi Santarelli komandalarıın ən yaxşı oyunçularını dəyişmək razılığına gəlmiş, italyan hücumçu Paola Egonu İtaliyadan Türkiyəyə, isveçli hücumçu İsabella Haak isə Türkiyədən İtaliyaya transfer olunmuşdu.
Bütün bunlar azarkeşlər tərəfindən də bir mənalı qarşılanmayıb. Bir çoxları Santarellinin bir müddət əvvəl Serbiya ilə olimpiadada final oynamaq istədiyini bildirməsinə baxmayaraq, bu komandadan ayrılmasını məhz özünə edilən yüksək maaş təklifi ilə bağlayır, Quidettinin bu seçimini isə Serbiyanın kifayət qədər güclü olması, istənilən çalışdırıcı ilə bütün yarışlarda çempionluğa ən real namizəd olması ilə əlaqələndirirlər.
Türkiyə millisinin voleybolçuları ilə bağlı vaxtaşırı birmənalı qarşılanmayan fikirlərlə yadda qalan Quidettinin Serbiyanın baş məşqçisi təyin edilməsindən sonra verdiyi ilk açıqlama sakit qarşılanmayıb: "Qüruru duyuram, çünki Serbiya möhtəşəm komandadır. Onlar həqiqətən uğurlu qrupdur. Onlarla çalışmaq mənim üçün böyük şans və meydan oxumadır". Quidettinin xüsusilə "meydan oxuma" ifadəsi türkiyəli azarkeşləri daha da qəzəbləndirib.