“Sonuncu yerdən kənarda qış fasiləsinə yollanmaq möhtəşəm olacaq”
- 20 Noy 2024 21:00
- 74
“İki həftədir ki, bu oyuna hazırlaşırıq və məşqlər yaxşı gedir. Çempionatda yaranan fasilədən maksimum şəkildə yararlanmağa çalışdıq”.
Rekord.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Valdemar Almeyda klubun mətbuat xidmətinə “Araz-Naxçıvan”a qarşı matçla bağlı danışarkən deyib.
O, uğurlu nəticəyə kökləndiklərini bildirib: “Məqsədimiz bəllidir, bütün qarşılaşmalara xal üçün çıxırıq. Bu günlər ərzində də məşq planımız hesabımıza üç xal əlavə etmək üzərində qurulub. Oyuna hazırlaşmaq üçün milli komandaların oyunları səbəbindən kifayət qədər vaxtımız olub. Diqqətimizi məşqlərə cəmləmişik. Fasilədən yaxşı yararlanmalıyıq”.
32 yaşlı yarımmüdafiəçi qış fasiləsinə qədər komandanın daha çox xal toplamağı qarşısına məqsəd qoyduğunu deyib: “Məşqlərdə və oyunlarda gördüyümüz işi davam etdirməliyik, belə olan halda qələbələr təbii olaraq gələcək. Çünki futbolda möcüzə yoxdur, əgər yaxşı işləyirsənsə, deməli, nəticəsi olacaq. Bir müddət əziyyət çəkə bilərsən, amma bunun qarşılığında bəhrəsi həmişə görünəcək. Biz daha çox qol vurmaq istəyirik. Sonuncu yerdən kənarda qış fasiləsinə yollanmaq möhtəşəm olacaq”.
Almeyda açıqlamasında öz oyunu barədə danışmaq istəmədiyini qeyd edib. İşinə kənardakıların qiymət verməsini istəyib: “Oyunum haqqında danışmağı çox sevmirəm, başqalarının danışmasına üstünlük verirəm. Kluba və həmkarlarıma çox yaxşı uyğunlaşıram və bu, meydançada işləri asanlaşdırır, özümdən müsbət enerji ötürməyə çalışıram. Təcrübəmi, biliklərimi komandanın oyununun, nəticəsinin yaxşılaşması üçün ortaya qoyuram. Azərbaycan futbolunun tarixi xüsusiyyətini özündə cəmləyən, əynimdə daşıdığım köynəyi daha da şərəfləndirmək üçün var gücümlə çalışacağam”.